...

Misir və Səudiyyə Ərəbistanının ünvanına ittihamlar İranın, sünni təsirini zəiflətmək istəyi ilə bağlıdır

Siyasət Materials 12 Dekabr 2008 11:45 (UTC +04:00)
Misir və Səudiyyə Ərəbistanının ünvanına ittihamlar İranın, sünni təsirini zəiflətmək istəyi ilə bağlıdır

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir Ü. Sadıqova/ Misir və Səudiyyə Ərəbistanınının Amerika maraqlarını müdafiə etməsi və İsrail ilə əməkdaşlıq etməsi ilə bağlı İranın ittihamları Yaxın Şərqdə sünni və şiəyönlü rejimlərin maraqları arasında ziddiyyətlərin davamıdır.

Çərşənbə günü İranın Misirdəki nümayəndəsi iranlı tələbələrin etiraz aksiyasının müzakirəsi üçün Qahirədə Xarici İşlər Nazirliyinə çağırılıb.

İran KİV-in verdiyi məlumata görə, müsəlmanların Qurban bayramı günlərində Qum şəhəri dini ali təhsil müəssisələrinin iranlı tələbələri Tehranda Səudiyyə Ərəbistanı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Bazar ertəsi isə, İranın müxtəlif şəhərlərindən olan tələbələr Misirin İrandakı diplomatik nümayəndəliyi qarşısında mitinq keçiriblər.

Tələbələr ərəb ölkələrini İsrail ilə əməkdaşlıqda və Fələstin əraziləri - Qəzzə Zolağı ilə sərhədləri bağlamaqda ittiham ediblər. İranın FARS agentliyinin verdiyi məlumata görə,

binanın qapısına yandırıcı qatışıqlı bir neçə şüşə atılıb.

Misirin Xarici İşlər Nazirliyi tələbələrin etiraz aksiyası ilə bağlı İranın rəsmi şəxslərinə etirazını bildirib və Tehranı İranın mətbu nəşrlərində Misir prezidenti Hüsnü Mübarəki tənqid edən yazıların dərcində ittiham edib.

"İranın Misir hökuməti və Səudiyyə Ərəbistanının ünvanına ittihamları Yaxın Şərqdə sünni və şiə hökumətləri arasında köhnə mübahisənin davamıdır", - deyə Trend - a Londondan telefonla Durham Universitetinin (University of Durham) Yaxın Şərq siyasəti üzrə elmi əməkdaşı Kristofer Devidson bildirib.

Tehran - Qahirə münasibətlərində gərginlik 1978 - ci ildə Misir ilə İsrail arasında sülh imzalanandan sonra yaranıb. İran Misiri müsəlman maraqlarına xəyanətdə itiham edərək, onun ünvanına kəskin tənqidlə çıxış edib və ərəb ölkələrini Misirin Yaxın Şərqdə yürütdüyü siyasəti dəstəkləməməyə çağırıb. Misir və İranın münasibətləri İranda 1979-cu ildə imam Xomeyninin rəhbərlik etdiyi din xadimlərinin hakimiyyətə gəlməsindən sonra korlanıb.

Qahirənin hakimiyyət çevrilişindən sonra ölkədən qaçmış İran şahı Məhəmməd Rza Pəhləvini qəbul etməsi münaqişəni daha da kəskinləşdirib və iki ölkə arasında bütün əlaqələr pozulub.

Tehranda mərkəzi küçəyə Misir prezidenti Ənvər Sadatın qatili Xalid İstanbulinin adı veriləndən sonra, Qahirə İranla əlaqələri pozmaq istəyirdi. Qahirə bunu beynəlxalq hüququn pozulması hesab edərək və Yaxın Şərqdə sülhə əngəl kimi qiymətləndirərək, Tehranın hərəkətini şiddətli tənqid edib.

Misirli politoloq Əl Sayed Hani hesab edir ki, Misir İsrail ilə sülh müqaviləsi imzalayanda təkcə İsrail ilə müharibədə öz maraqlarını müdafiə etməyib, həm də bütün Yaxın Şərqdə sülhün əldə olunmasına can atıb, lakin İranın tənqidi buna mane oldu.

"İran Yaxın Şərqdə müsəlmanlar arasında sonradan vətəndaş müharibələrinə çevrilən ziddiyyətlərin səbəbkarıdır. İsrail ilə sülhdən boyun qaçırmaq bütün ərəb ölkələrinin siyasətində mənfi şəkildə əks olundu", - deyə Trend -a Misirin Ə l- Cumhuriyyə qəzetinin siyasi icmalçısı Hani bildirib.

Hani hesab edir ki, buna görə bu gün İranın nüvə proqramı ətrafında Qərb ilə ciddi fikir ayrılığı var, Tehran istənilən ölkəni, hətta qeyri -müsəlman ölkələrini Qərb ilə əlbir olmaqda ittiham edəcək.

"İttihamlar şiə İranının birinci rəqibləri olan və iranlıların ərəblərin istənilən probleminə qarışmasına qarşı çıxan sünniyönlü Misir və Səudiyyə Ərəbistanına yönəlib", - deyə misirli politoloq bildirib.

İranın Misirin ünvanına sonuncu kəskin tənqidi, Fələstin qruplaşmaları İsrailin əhali yaşayan məntəqələrini raket atəşinə tutandan sonra, Qahirənin Qəzzə Zolağı sərhədlərini bağlaması ilə bağlı olub.

İran Parlamenti yanında Dövlət Təhlükəsizlik Komissiyasının üzvü İsmail Kosari hesab edir ki, region əhalisinə belə münasibət Misirin İsrail və ABŞ -ın maraqlarını müdafiə etdiyini və fələstinlilərə ədalətsiz yanaşdığını göstərir.

"Amerimka siyasətinə dəstək, sonda müsəlmanlar və ərəb ölkələri arasında parçalanmaya gətirib çıxaracaq", - deyə Trend -a Tehrandan Kosari bildirib.

Rəsmi Tehran Qəzzə Zolağı və Fələstin əhalisinin təcridinə qarşı çıxır və bunu "sionizm rejimi"nin hücumu adlandırır.

Haninin rəyinə görə, İran Yaxın Şərqdə sünni və şiələr arasında düşmənçilik toxumu səpən ilk ölkə olub.

Şiə baxışlarının tərəfdarı olan İran hökuməti İraqda hökumət əleyhinə çıxan

şiə hərəkatını və İsrail əleyhinə fəaliyyəti ilə tanınan Livanın Hizbullah təşkilatını dəstəkləyib.

Həm İraqda, həm də Livanda sünnilər və şiələr arasında zidiyyətlər dəfələrlə vətəndaş müharibələrinə gətirib çıxarıb.

"Livan və İraqdakı siyasi vəziyyət İran dəstəyinin mənfi nəticələrinə parlaq nümunədir, çünki Tehran regionda vahid sülhü yox, yalnız şəxsi maraqlarını düşünür", - deyə Hani hesab edir.

Onun fikrincə, Misirin İsrail və Qərb ilə əlaqələri bütün Yaxın Şərqdə sülhün bərqərar olmasına yönəlib.

Bu yaxınlarda Səudiyyə Ərəbistanında ərəb dövlətlərinin iclası keçirilib, gizli mənbələrin məlumatlarına görə, İsrail də bu görüşə dəvət olunub. Mətbuatda Səudiyyə Ərəbistanı kralı Abdulla ibn Səudun İsrailin rəsmi şəxsləri ilə görüş keçirməsi barədə də informasiya var idi.

Bu görüş Tehranın rəsmi dairələrində narazılıq doğurub.

İarn politoloqu Əlirza Nurizadə hesab edir ki, İran Misir və Səudiyyə Ərəbistanının Yaxın Şərqdə yürüdülən siyasətə mənfi təsir göstərən qərbyönlü mövqeyindən narahatdır, Tehran buna görə ərəb ölkələrinin ünvanına kəskin tənqidlə çıxış edir.

"İran Yaxın Şərqdə antiiran mühitinin yaradılmasından narahatdır. Bu, Tehranı onun yeganə ərəb müttəfiqi - Suriyadan məhrum edə bilər", - deyə Trend -a İran - Ərəb Araşdırmalar Mərkəzinin sədri Nurizadə bildirib.

Nurizadənin fikrincə, siyasi hadisələrin gedişatına böyük təsir qüvvəsinə malik Səudiyyə Ərəbistanı və Misir antiiran əhval-ruhiyyənin yayılmasında mühüm rol oynayıblar.

İran politoloqu hesab edir ki, buna görə Qahirə və Ər-Riyadın ünvanına səslənən ittihamlar Tehranın Yaxın Şərqdə öz nüfuzunu saxlamaq istəməsindən irəli gəlir.

İran Misiri müsəlman birliyi ideyasını reallaşdırmamaqda ittiham edir. Bu, qərb siyasətçilərinin Yaxın Şərqdəki problemlərə müdaxiləsidir.

Hani bildirib ki, İranın tənqidi Tehranın təkcə Qahirə və Ər-Riyad ilə deyil, həm də bütün müsəlman dünyası ilə münasibətlərinə mənfi təsir göstərə bilər. Çünki Yaxın Şərq regionu onsuz da daxili çəkişmələrdən, xüsusilə də dini əsasda baş verən ziddiyyətlərdən əziyyət çəkir.

"Misir, Türkiyə, İran, Pakistan kimi güclü müsəlman ölkələri, müsəlman problemlərini həll etmək üçün birləşməlidir və o zaman Qərbin dəstəyinə ehtiyac qalmaz", - deyə Hani bildirib.

Misirli politoloq əlavə edib ki, buna görə, İran müsəlman maraqlarını təmsil edən Misir və Səudiyyə Ərəbistanını islam dəyərlərinə xəyanətdə ittiham etməməli, əksinə, dəstəkləməlidir.

Məqalənin yazılmasında A.Namdari (Tehran), T.Cəfərov (Bakı) iştirak ediblər.

Məqalə müəllifi ilə əlaq ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti