...

Azərbaycanda prezident İlham Əliyev haqqında "Böyük siyasətin davamı" adlı beş cildlik kitab nəşr olunub

Siyasət Materials 24 Dekabr 2008 13:23 (UTC +04:00)
Azərbaycanda prezident İlham Əliyev haqqında "Böyük siyasətin davamı" adlı beş cildlik  kitab  nəşr olunub

Azərbaycan, Bakı, 24 dekabr/ Trend , müxbir Eldar Hüseynzadə/ Azərbaycanda prezident İlham Əliyev haqqında "Böyük siyasətin davamı" adlı beş cildlik kitab çərşənbə günü Azərbaycan Dövlət İqtisad Universitetinin akt salonunda təqdim olunub. Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlının yazdığı kitabın təqdimatı dövlət başçısının bu gün qeyd olunan 47 illiyinə həsr olunub.

"İlham Əliyevin keçdiyi yolları əsaslı şəkildə tədqiq edən belə kitabların nəşri Azərbaycanın inkişafı üçün olduqca mühümdür", - deyə parlamentin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib.

O, gələcəkdə kitabın davamının yazılması və daha beş cildin nəşr edilməsi arzusunu ifadə edib.

İqtisad Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil daimi komissiyasının sədri Şəmsəddin Hacıyevin sözlərinə görə, "Böyük siyasətin davamı" kitabında İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın əldə etdiyi siyasi və iqtisadi uğurların səbəbləri dəqiq açıqlanır.

"İlham Əliyev Ümummilli lider Heydər Əliyevin böyük siyasətinin layiqli davamçısıdır", - deyə Hacıyev bildirib.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24 - də Bakı şəhərində anadan olub.

1967-1977- ci illərdə Bakı şəhərində orta məktəbdə təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub.

1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb.

1985-1990 - cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.

1991-1994- cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal - kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.

Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

İki dəfə, 1995 - ci və 2000 - ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq, deputat səlahiyyətlərinə xitam verilib.

1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

1999 - cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə, partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2003-cü il avqustun 4 - də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.

2003 - cü il oktyabrın 15 - də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2004 - cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə, AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.

2008 - ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88% - dən çoxunun səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 2008-ci il oktyabrın 24 - də vəzifəsinin icrasına başlamışdır.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

Evlidir. Üç övladı, iki nəvəsi var.

Prezident Əliyevin təltif olunduğu orden, mükafat və fəxri adlar aşağıdakıları əhatə edir: Heydər Əliyev ordeni (Azərbaycan Respublikası), Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə), Rumıniya Ulduzu Ordeni (Rumıniya), Kral Əbdüləziz Ordeni (Səudiyyə Ərəbistanı Krallığı), Şərəf Ordeni (Gürcüstan), "Şərəf Legionunun Böyük Xaçı" Ordeni (Fransa), Şeyxülislam Ordeni (Azərbaycan Respublikası), Rusiya Pravoslav Kilsəsinin "Prepodobnıy Serqiy Radonejskiy" birinci dərəcəli Ordeni, "Böyük Kordon" Şərəf Ordeni (Beynəlxalq Hərbi - İdman Şurası), MDB ölkələri İdman Təşkilatları Beynəlxalq Konfederasiyasının "Şərəf Ordeni", FİLA-nın Şərəf Zalının ən yüksək "İdman Əfsanəsi" ordeni, Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Xaç Ordeni, I dərəcəli Knyaz Yaroslav Mudrı ordeni (Ukrayna);

Linkoln Universitetinin Fəxri doktoru (ABŞ), Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Fəxri doktoru (Rusiya Federasiyası), L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Fəxri professoru (Qazaxıstan), Bilkənt Universitetinin Fəxri doktoru (Türkiyə), Vergilər üzrə Milli Akademiyanın Fəxri doktoru (Ukrayna), Ploesti Neft və Qaz Universitetinin Fəxri doktoru (Rumıniya), Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri professoru (Bolqarıstan), Kyung Hee Universitetinin Fəxri doktoru (Cənubi Koreya), İordaniya Universitetinin Fəxri doktoru (İordaniya), Korvinus Universitetinin ictimai elmlər üzrə Fəxri doktoru (Macarıstan), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru (Rusiya Federasiyası), Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru (Ukrayna), Məhdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru (Türkmənistan Respublikası).

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti