...

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının təşəbbüs qrupu yaradılıb

Siyasət Materials 13 Yanvar 2009 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir K.Zərabalıyeva/ Azərbaycan Hüquqşünaslar Konfederasiyası referendum aktının təbliği məqsədilə "Hüquq və Demokratiya" təşəbbüs qrupu yaradıb.

Trend -un məlumatına görə, təşəbbüs qrupunun  çərşənbə axşamı keçirilən yekun iclasında sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi qərara alınıb.

İclasda iştirak edən Konfederasiyanın rəhbəri, millət vəkili Əli Hüseynov bildirib ki, təşəbbüs qrupunun yerlərdə iclasları keçirilib. O qeyd edib ki, təşəbbüs qrupuna millət vəkilləri, tanınmış hüquqşunaslar və bir neçə qeyri - hökümət təşkilatı da qoşulub.

Hüseynov jurnalistlərə müsahibəsinə deyib ki, təşəbbüs qrupunun müvafiq sənədləri MSK-ya təqdim ediləndən sonra 40 min imza vərəqəsi alınacaq, imza vərəqələri toplandıqdan sonra, fevralın 1-dək MSK- da qeydiyatdan keçmək üçün həmin quruma təqdim olunacaq.

O deyib ki, indiyədək yaradılmış təşəbbüs qrupları əks-arqumentlərlə çıxış edəcəklərsə, "Hüquq və Demokratiya" teledebatlara  qoşulacaq.

Trend -un arayışı: Azərbaycanın hakim partiyası "Yeni Azərbaycan", müxalif Müsavat Partiyası "Respublikaçılar" referendum üzrə təşəbbüs qruplaru yaradıblar. Mərkəzi Seçki Komissiyası YAP-ın təşəbbüs qrupunun qeydə alınması üçün bildiriş verib.

"Azadlıq" blokuna daxil olan Xalq Cəbhəsi, Milli Birlik Hərəkatı, Vətəndaş və İnkişaf partiyaları, o cümlədən "Azərbaycan Naminə" İctimai Birlik, Demokrat Partiyası və bir sıra qeyri-hökumət təşkilatları "Respublika və Qarabağ Uğrunda Vətəndaş Hərəkatı", Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli Demokrat, Böyük Azərbaycan və Xalq patiyalarının təmsil olunduğu Demokratiya Uğrunda İttifaq isə, "Azərbaycan Xalq Cümhuriyyəti"  təşəbbüs qrupunun yaradılması barədə qərar verib.

Hakim partiyanın icra katibinin müavini Mübariz Qurbanlı  əvvəllər Trend -a bildirib ki, müxalifət partiyalarının referendum əleyhinə yaratdıqları təşəbbüs qrupları  səmərəsiz olacaq.

Yanvarın 10- da 21 media rəhbəri referendumu dəstəkləmək məqsədilə "Azad söz" Təşəbbüs Qrupu təsis edib.

Həmin gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və bir sıra QHT-lər Konstitusiyaya əlavə və dəyişikliklərə dair referendumla bağlı İctimai Təşkilatların Təşəbbüs Qrupunu təsis ediblər. 

Azərbaycan parlamenti ötən ayın sonunda keçirilən iclasında Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendumun martın 18 - də keçirilməsi barədə qərar qəbul edib.

Konstitusiyanın 29 maddəsinə dəyişiklik edilməsinə dair referendumun keçirilməsi barədə qərar verilib.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (maddə 152). AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya prezident tərəfindən təklif edilirsə, təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Azərbaycan Konstitusiyası 1995 - ci ildə referendum yolu ilə qəbul olunub, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti