Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı ilə Azərbaycan Müdafiə Nazirliyi arasında imzalanan sazişə əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin təhsil-təlim sistemi Türk Hərbi Hava Məktəbinin təhsil-təlim sisteminə bənzər strukturda formalaşdırılacaq. Bu barədə Türkiyənin "ANKA" informasiya agentliyi məlumat verib.
Bakıda 14 mart 2008-ci ildə imzalanan "Türkiyə Respublikası Baş Qərargahı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə təlim-təhsil dəstəyi haqqında saziş" Türkiyə Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Sazişə əsasən, Türkiyənin hava hərbçiləri Azərbaycan hava hərbçilərinə təlim keçəcəklər. Bundan başqa, Azərbaycan Təyyarəçilik Məktəbi tələbələrinin dörd illik təlim-təhsil müddətinin sonunda liderlik, idarəçilik, komandirlik və öyrətmə qabiliyyətləri inkişaf etmiş, vətən, bayraq və vəzifə sevgisi, vəzifə şüuru, dürüstlük, sadiqlik, cəsarət, fədakarlıq və tam itaət kimi dəyərləri əldə etməsi əsas məqsəd kimi götürülür. Təhsil və təlim Azərbaycan dilində aparılacaq.
Eyni zamanda, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində vəzifələrə təyin ediləcək Türk Hava Qüvvələrinin hərbçiləri Azərbaycan Təyyarəçilik Məktəbini Türkiyə Hərbi Hava Məktəbinin strukturunda formalaşdırmaq üçün məsləhətçi funksiyasını da yerinə yetirəcəklər.