Gürcüstan, Tbilisi, 16 fevral / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan-Aİ parlament əməkdaşlığının nümayəndə heyəti bu gün Brüsselə yola düşür. Nümayəndələr Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə Komitəsinin iclasında iştirak edəcəklər.
Gürcüstan parlamentindən verilən məlumata görə, parlamentin nümayəndə heyətinə Avropa ilə inteqrasiya üzrə Komitənin sədri David Darçiaşvili rəhbərlik edir.
İclasda Gürcüstana aid bütün aktual siyasi məsələlər nəzərdən keçiriləcək. Gürcüstan nümayəndə heyəti ola bilsin ki, Brüsseldə Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə Komitənin formatının dəyişdirilməsi barədə sual irəli sürsün. Avropa İttifaqının parlament komitəsi üç ölkəni - Gürcüstan, Azərbaycan və Ermənistanı əhatə edir.
Gürcüstan nümayəndə heyətinin rəhbəri hesab edir ki, Gürcüstanla əlaqələr üzrə Komitə ayrıca formatda formalaşdırılmalıdır, çünki Gürcüstan və Aİ-nin münasibətləri artıq digər mərhələyə keçib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]