Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycanın Sumqayıt şəhərində radikal dini təmayüllü şəxsin mənzilindən yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Beton-zavod qəsəbə sakini, əvvəllər məhkum olunmuş İslam Qəniyevin evindən 30 adda müxtəlif dini təriqətlərə aid kitablar, 2 ədəd buklet və 48 ədəd CD disklər aşkar edilərək götürülüb.
Qəniyev polisin qanuni tələblərinə tabe olmadığı üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə protokol tərtib olunub və şəhər məhkəməsi tərəfindən 5 gün müddətinə inzibati qaydada həbs edilib.
Faktla bağlı cinayət işi açılıb.
Trend -un arayışı: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin öncə yaydığı məlumata görə, Azərbaycanda 2008-ci ildə dini dözümsüzlüyü və ayrı-seçkiliyi təbliğ edən 59 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ötən il 102 dini icma dövlət qeydiyyatından keçib və beləliklə ölkədə fəaliyyət göstərən dini qurumların sayı 533-ə çatıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]