...

Azərbaycan prezidenti Mingəçevir şəhərinə səfərə gəlib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 3 Mart 2009 12:20 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev regionlara səfəri çərçivəsində martın 3-də Mingəçevir şəhərinə gəlib, AzerTAc dövlət agentliyi məlumat yayıb.

Dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin Heydər Əliyev meydanında ümummilli liderin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar.

Energetiklər şəhərinin mərkəzi meydanında geniş abadlıq-quruculuq işləri aparılıb, sakinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada musiqili fəvvarə quraşdırılıb, yaşıllıq zolağı salınıb, 10 minə qədər müxtəlif növ ağac və gül kolları əkilib, hərəkəti asanlaşdırmaq üçün yerüstü piyada keçidi tikilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Mingəçevirdə Heydər Əliyev muzeyinin açılış mərasimində iştirak ediblər. Dövlət başçısı muzeyin açılışını bildirən lenti kəsib və muzeylə yaxından tanış olub.

2006-cı ildə inşa olunmuş muzeyin binası ötən il yenidən qurulub. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Muzeydə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər arasında 1981-ci ildə Mingəçevirə ilk səfəri ilə bağlı fotolar xüsusi yer tutur. Ulu öndər o vaxt Qafqazın energetika nəhəngi sayılan Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının birinci enerji blokunun açılışında iştirak edib.

Məktəblilər və tələbələr burada Heydər Əliyev irsini öyrənirlər. Yaradıcılıq otağında məktəblilərin 100-dək rəsm əsəri, heykəltaraşlıq işləri nümayiş etdirilir. Kitabxana fondunda 600-ə yaxın ədəbiyyat toplanıb. Muzeydə müxtəlif tədbirlərin keçirilməsi üçün akt salonu da vardır. Burada "Heydər Əliyev məktəbi"nin məşğələləri keçirilir.

Muzeylə tanışlıqdan sonra prezident İlham Əliyev xatirə kitabına ürək sözlərini yazıb.
Sonra dövlət başçısı muzeyin qarşısında şəhər ictimaiyyətinin nümayəndələri ilə söhbət edib.

Azərbaycanın digər bölgələri kimi Mingəçevirin də sürətlə inkişaf etdiyini bildirən prezident deyib ki, bu istiqamətdə işlər davam etdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti