...

Rusiya Ermənistana stabilliyi pozan heç bir silah tədarükü həyata keçirməyib – Rusiya XİN-in rəhbəri

Siyasət Materials 12 Mart 2009 13:59 (UTC +04:00)
Rusiya Ermənistana stabilliyi pozan heç bir silah tədarükü həyata keçirməyib – Rusiya XİN-in rəhbəri

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir E.Rüstəmov /

Rusiya Ermənistana stabilliyi pozan heç bir silah tədarükü həyata keçirməyib. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Bəzi kütləvi informasiya vasitələri bu yaxınlarda Rusiyanın Ermənistana Gümrüdəki 102 saylı hərbi bazasından təqribən 800 mln. dollar həcmində silah və hərbi texnika verməsi barədə informasiya yayıb. Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov vəziyyətin aydınlaşdırılması üçün Azərbaycanın Xarici İşlər Nazirliyinə dəvət olunmuşdu. Daha sonra Rusiya Federasiyasının Müdafiə və Xarici İşlər nazirlikləri Rusiya silahlarının Yerevana tədarük edilməsi ilə bağlı yayılan informasiyaları təkzib etdi. Lakin Bakı Moskvanın cavabından narazı qaldığından, iki ölkənin xarici işlər nazirləri arasında baş tutan telefon söhbəti zamanı bu məsələ ilə bağlı məsləhətləşmələrin aparılması qərara alınmışdı.

Lavrov bildirib ki, Rusiya hərbi planda bir çox ölkələrlə əməkdaşlıq edir, bununla o, heç bir beynəlxalq öhdəlik və qanunvericiliyi pozmur.

"Azərbaycan və Rusiyanın bir sıra kütləvi informasiya vasitələrində haqqında məlumat yayılan tədarük sənədinə gəldikdə isə, bu sənəd saxtadır", - deyə Rusiya Federasiyasının xaric işlər naziri vurğulayıb.

Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti