...

Ümumdünya Texnologiya Universitetinin Bakıda qanunsuz fəaliyyət göstərən nümayəndəliyinin rəhbəri həbs olunub

Siyasət Materials 14 Mart 2009 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir K.Zərbalıyeva /

Ümumdünya Texnologiya Universitetinin Bakıda qanunsuz fəaliyyət göstərən filialının rəhbəri vətəndaşlardan müxtəlif məbləğlərdə pul alaraq onları qanunsuz fəaliyyət göstərən ali təhsil müəsisəsinə qəbul etdirdiyi üçün həbs edilib, - şənbə günü Trend -a Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Məlumata görə, əvvəllər dələduzluq cinayəti törətdiyinə görə məhkum olunmuş Zülfi Babayev vətəndaşlardan 300-5000 manat məbləğində pul alaraq onları qanunsuz fəaliyyət göstərən həmin təhsil müəssisəsinə qəbul edib və hər bir tələbədən bir tədris ili üçün 700 manat alıb.

"Nab" MMC-nin təsisçisi və direktoru Zülfi Babayev qulluq mənafeyinə qəsdən zidd olaraq, dövlət qeydiyyatına alınmadan, xüsusi razılıq (lisenziya) almadan Moskvada yerləşən YUNESKO-nun Ümumdünya Texnologiya Universitetinin rəhbərliyi ilə bağlanmış 2008-ci il 1 fevral tarixli müqavilə, habelə həmin universitet tərəfindən ona təqdim edilmiş etibarnaməni əsas tutaraq tədris kursları təşkil etmək adı altında Bakı şəhərində universitetin nümayəndəliyini yaradıb.

O, Azərbaycan ərazisində qanunla nəzərdə tutulmadığı halda, bir sıra vətəndaşlara distant yolla təhsil almaq hüququnu izah etməklə, göstərilən nümayəndəliyə müəllim kimi işə qəbul etdiyi şəxslər vasitəsi ilə onları nümayəndəliyə tələbə kimi cəlb etməklə onlara tələbə biletləri, imtahan kitabçaları verib və müvafiq tədris işlərini həyata keçirib.

Toplanmış material üzrə Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq (192.1-ci) və vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1-ci) maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə həvalə edilib.

Babayev həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində məhkəməninb qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti