...

Azərbaycanın Rusiyadakı səfirliyi referendumu lazımi səviyyədə keçirməyə hazırdır – seçki komissiyasının sədri

Siyasət Materials 17 Mart 2009 17:06 (UTC +04:00)

Rusiya, Moskva, 17 mart / Trend , müxbir R.Ağayev /

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi martın 18-də ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendumu keçirməyə hazırdır. Bütün təşkilati məsələlər həll edilib və referendumun lazımi səviyyədə keçirilməsi təmin ediləcək. Bu barədə Moskvada Trend -un xüsusi müxbirinə Azərbaycanın RF-dakı səfirliyi nəzdində yaradılan seçki komissiyasının sədri Ağalar Atamoğlanov bildirib.  

Onun sözlərinə görə, Rusiya Federasiyası ərazisində ümumilikdə iki seçki məntəqəsi yaradılıb - Azərbaycanın Moskvadakı səfirliyində və respublikanın Sank-Peterburqdakı baş konsulluğunda. Hər iki seçki məntəqəsi referendumun keçirilməsinə hazırdır.

O, bildirib ki, konsulluqda qeydiyyatda olan Azərbaycan vətəndaşları səs vermək hüququna malikdir və onların ümumi sayı 1442 nəfərdir. "Səsvermədə iştirak etmək istəyində olan digər şəxslər siyahıya salınmaq üçün dimlomatik nümayəndəliyə müraciət etməlidirlər və səsvermədə onların iştirakını təmin etmək üçün ayrıca qərar qəbul olunacaq", - deyə Atamoğlanov bildirib.

O, həmçinin qeyd edib ki, vətəndaş səs vermək istəyirsə, o, qeydiyyata düşmək üçün konsulluğa müraciət etməlidir. Çünki qanunvericiliyə görə, qeydiyyatda olmayan vətəndaş səsvermə hüququna malik deyil.

"Səfirlikdə referendumun keçirilməsi üzrə seçki komissiyası yaradılıb və o, referendumun yüksək səviyyədə keçirilməsi üçün lazımi tədbirlər həyata keçirib. Referendum günü vətəndaşlar Moskva vaxtı ilə saat 08.00-dan 19.00-dək səfirlikdə açılan seçki məntəqələrində səs verə bilərlər", - deyə AR-nın RF-dəki səfirliyinin nümayəndəsi bildirib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıb. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Respublikası", "Milli müstəqillik" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Referendum əleyhinə aksiyalar keçirən "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları Konstitusiyaya edilən əlavə və dəyişikliklərə etiraz əlaməti olaraq, referendumu boykot etmək qərarına gəliblər.

Xəbər lenti

Xəbər lenti