...

Azərbaycanın müxalif partiyalarının bələdiyyə seçkisində birgə iştirakı ictimai-siyasi vəziyyətdən asılı olacaq

Siyasət Materials 3 Aprel 2009 11:19 (UTC +04:00)
Azərbaycanın müxalif partiyalarının bələdiyyə seçkisində birgə iştirakı ictimai-siyasi vəziyyətdən asılı olacaq

Azərbaycan, Bаkı, 02 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın müxalif partiyasının bələdiyyə seçkilərində digər siyasi təşkilatlarla birgə iştirakı ölkədəki ictimai-siyasi vəziyyətdən asılı olacaq.

"Biz bələdiyyə seçkisində müxalifətin birgə iştirakını arzulayırıq. Amma qəti qərarı partiyanın müvafiq qurumlarında müzakirədən sonra verəcəyik", - cümə axşamı Trend -a "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Trend -un arayışı: Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2009-cu ilin payızında keçiriləcək. Bunda əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə bələdiyyə seçkisi keçirilib.

Demokratiya Uğrunda İttifaqda təmsil olunan partiyaların Sədrlər Şurası bu həftənin əvvəlində bələdiyyə seçkilərində digər müxalif partiyalarla əməkdaşlıq etmək haqda qərar qəbul edib.

Ağazadənin sözlərinə görə, müxalifətin bələdiyyə seçkisində daha geniş tərkibdə iştirakı məsələsi həm də buna cəmiyyətdə sosial sifarişin olub-olmamasından asılıdır. "Əgər zərurət yaranarsa, hərəkatı təsis edən bütün siyasi və ictimai təşkilatlar vahid blokda seçkiyə qatıla bilərlər", - partiya sədri əlavə edib.

Hərəkata başqa partiyaların daxil olmasına gəldikdə, millət vəkili deyib ki, bu məsələ ciddi müzakirə olunmalıdır. "Bu məsələni indidən sona çatmış hesab etmək düzgün deyil. Ona görə sonrakı mərhələdə konsensus yolu ilə qərar qəbul edilməsi mümkündür. Ancaq bu qərarın müsbət, yaxud mənfi olacağını indidən deyə bilmərəm", - Ağazadə vurğulayıb.

"Qarabağ və Respublika Uğrunda Hərəkat"ı Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat, Müsavat və Ümid partiyaları, eləcə də bir neçə ictimai təşkilat təsis edib.

"Demokratiya Uğrunda İttifaqın bələdiyyə seçkilərində əməkdaşlıqla bağlı təklifi partiyamızda müzakirə olunmayıb", - cümə axşamı Trend -a "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Onun sözlərinə görə, Müsavat müxalifətin ən geniş tərkibdə əməkdaşlığının tərəfdarıdır. "Ancaq konkret olaraq DUİ ilə əməkdaşlığın mümkün olub-olmayacağını söyləməkdə çətinlik çəkirəm. Məndə olan məlumata görə, Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən bələdiyyə seçkilərində birgə iştirak etmək haqda konkret təklif irəli sürülüb. Amma müsbət cavab yalnız müzakirədən sonra verilə bilər", - Hacılı qeyd edib.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassık Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti