...

Azərbaycanda "Qarabağ Forumu" keçiriləcək

Siyasət Materials 20 Aprel 2009 15:54 (UTC +04:00)

Azərbaycan, Bаkı, 20 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalif partiyalarının təmsil olunduğu ittifaq "Qarabağ Forumu"nun keçirilməsi təşəbbüsü ilə çıxış edib.

"İttifaqın Sədrlər Şurasının iclasında tədbirin mayın 14-də keçirilməsi qərara alınıb", - bazar ertəsi Trend -a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.

Trend -un arayışı: Azərbaycanda bir neçə dəfə Dağlıq Qarabağ problemi ilə bağlı bütün siyasi-ictimai təşkilatların iştirakı ilə forum keçirilməsi təşəbbüsü irəli sürülüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Musayevin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupunun üzvləri olan ABŞ və Rusiya səylərini son vaxtlar gücləndirdiklərindən ölkənin bütün ictimai-siyasi təşkilatlarının iştirakı ilə belə tədbirin keçirilməsi zəruridir.

"Təşəbbüsü biz irəli sürsək də, forumda hakim partiyanın, müxalif qüvvələrin, qeyri-hökumət təşkilatlarının, ölkənin tanınmış ziyalılarının, eləcə də beynəlxalq təşkilatların və xarici ölkə səfirliklərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur", - partiya sədri əlavə edib.

BAP sədri deyib ki, forumdakı müzakirələrin nəticəsi olaraq Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı Azərbaycan cəmiyyətinin ümumi fikrini ifadə edən sənədin qəbul olunması da mümkündür.

"Bu problemə yanaşmada Azərbaycan hakimiyyəti ilə müxalifətin mövqeyində fərqli məqamlar yoxdur. Amma indiki mərhələdə cəmiyyətin vahid mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması çox zəruridir. Belə olarsa, istər vasitəçi dövlətlər, istərsə də beynəlxalq təşkilatlar hakimiyyətə Azərbaycanın mənafeyinə uyğun olmayan hər hansı güzəştə getməklə bağlı təzyiq də göstərə bilməzlər", - Musayev qeyd edib.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassık Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti