...

Azərbaycanın İslam ölkələri ilə hüquqi yardım haqqında müqaviləyə malik olmaması cinayətkarlıqla mübarizəni çətinləşdirir -ədliyyə naziri

Siyasət Materials 22 Aprel 2009 12:25 (UTC +04:00)
Azərbaycanın İslam ölkələri ilə hüquqi yardım haqqında müqaviləyə malik olmaması cinayətkarlıqla mübarizəni çətinləşdirir -ədliyyə naziri

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın İslam Konfransı Təşkilatına (İKT) üzv olan bir çox dövlətlərlə hüquqi yardım, ekstradisiya, hüquqi informasiya mübadiləsi haqqında müqaviləsi olmadığından, cinayətkarlıqla mübarizə üzrə hüquqi yardımın həyata keçirilməsi çətinləşir, Trend -a çərşənbə günü İKT üzv-ölkələrin hüquq-mühafizə orqanları rəhbərlərin Bakıda keçirilən konfransında Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov çıxışı zamanı deyib.

Trend -un arayışı: Aprelin 21-22-də Bakıda İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransı işinə başlayıb.

Konfrans hüquq-mühafizə sahəsində İslam Konfransı Təşkilatına üzv olan dövlətlər arasında qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərinin müəyyən edilməsinə yönəlib.

Konfrans zamanı İKT üzv dövlətlər arasında transmilli mütəşəkkil cinayətkarlıq, xüsusilə beynəlxalq terrorçuluq, ekstremizm, təcavüzkar separatizm, silahların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, korrupsiyanın qarşısının alınması sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur.

Konfrans İKT çərçivəsində yeni bir formatda mühüm əməkdaşlıq istiqamətlərinin əsasının yaradılmasına yönəlib. Tədbirdə İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin yüksək səviyyəli nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. Tədbirin yekununda İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransının Bakı Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur.

Nazir bildirib ki, Azərbaycan İKT-yə üzv olan dövlətlərdən Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, İran, Türkmənistən, BƏƏ və İordaniya ilə hüquqi yardım, ekstradisiya, hüquqi informasiya mübadiləsi haqqında müqavilələr və nazirliklərarası sazişlər imzalayıb və səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistan, Mərakeş və Əlcəzairlə müvafiq ikitərəfli sənəd lahiyələri imzalanması üçün hazırdır. Məmmədov bildirib ki, cinayətkarlıqla mübarizədə dövlətlərin əməkdaşlığı müvafiq müqavilə-hüquq bazasına əsaslandığından, Azərbaycan BMT, AŞ, MDB və digər beynəlxalq təşkilatların hüquqi sahədə əməkdaşlığı təmzimləyən bütün əsas institutlarına qoşulub.

Xəbər lenti

Xəbər lenti