Azərbaycan, Bakı, 13 may / Trend , müxbir C.Babayeva /
Azərbaycanın Rusiya ilə münasibətləri yaxındır və hansısa müvəqqəti qeyri-müəyyən vəziyyəti nəzərə alaraq əlavə addımlar atmağa ehtiyac yoxdur, çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla Bakıda keçirdiyi birgə mətbuat konfransında CNN Türk telekanalı ilə canlı yayımda bildirib.
"Azərbaycan bütün ölkələrlə normal dostluq münasibətlərinin qurulmasının tərəfdarıdır. Azərbaycan-Rusiya münasibətlərinin də çox böyük tarixi var və hər iki ölkə üçün bu münasibətlər əhəmiyyətlidir. Rusiya Prezidenti cənab Medvedyev ilk xarici səfərlərindən birini bir il bundan əvvəl məhz Azərbaycana edib. Həmin səfər zamanı Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında müqavilə bağlanmışdı. Bu müqavilə böyük siyasi məna daşıyır", - Azərbaycan Prezidenti bildirib.
Dövlət başçısı Azərbaycanın bütün ölkələrlə münasibətlərinin yaxın olmasını istədiyini bildirib. "Azərbaycan qonşu ölkələrlə münasibətlərini qarşılıqlı hörmət və etimad, bir-birinin işinə qarışmamaq əsasında qurub", - Prezident deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]