Azərbaycan, Bakı, 21 may / Trend , müxbir K.Zərbalıyeva /
Bakı şəhər Prokurorluğu ilə polisin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il paytaxtda törədilən ağır cinayətin üstü açılıb, cümə axşamı Trend -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
2008-ci il iyunun 8-də Bakı şəhər sakini İsrail Rəhmətinin itkin düşməsi faktı ilə əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin adam oğurluğu (144-cü) maddəsi ilə cinayət işi başlanıb.
Bakı şəhər Prokurorluğu, Nərimanov rayon Polis İdarəsi və rayon Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Rəhmətinin ötən il iyunun 4-də saat 18.30 radələrində Mərdəkan qəsəbəsindəki 24 saylı bağ evində Bakı şəhər sakinləri Kamil Ataşov və Elxan Cəfərov tərəfindən tamah məqsədilə döyülərək qətlə yetirilməsi və həmin evin həyətində basdırılması müəyyən edilib.
Rəhmətinin meyiti eksqumasiya edilib. Ataşov və Cəfərov saxlanılıb. Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə başlanmış cinayət işi qəsdən adam öldürmə (120-ci) maddəsinə tövsif edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]