Azərbaycan, Bakı, 21 may / Trend , müxbir Y.Ostapenko /
"Konstruktiv siyasi dialoq Avropa İtifaqı və Rusiya arasında münasibətlərin əsası olaraq qalmalıdır. Çünki onlar ayrılıqda var ola bilməzlər", - Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu deyib. Bu barədə Aİ-nin press-relizində qeyd edilib.
"Rusiya və Avropa İttifaqı qarşılıqlı olaraq bir-birindən asılıdırlar. Qarşıda duran məsələlərin çətinliyindən asılı olmayaraq mütəmadi və səmimi siyasi dialoq əlaqələrimizin rasional istifadəsi yönündə doğru yoldur", - Barrozu deyib.
Rusiya - Aİ ikigünlük sammiti bu gün Rusiyanın Uzaq Şərq şəhəri olan Xabarovskda başlayır. Forumun əsas mövzuları energetika, Avropa təhlükəsizliyi və qlobal maliyyə-iqtisadi böhranı ilə mübarizədir. Müzakirə ediləcək vacib məsələlərdən biri də Rusiya və Avropa İttifaqı arasında vizasız rejimin tətbiq edilməsi olacaq.
Barrozunun fikincə, qlobal maliyyə-iqtisadi böhran Aİ və Rusiya münasibətlərinin potensialının inkişafını, maneələrin qaldırılmasını və birgə səylərin koordinasiysını qaçılmaz edir.
İlk dəfədir ki, sammit Köhnə Dünyadan bu qədər uzaqda - Şərqdə keçirilir. Əvvəlki görüş bir qədər yaxında Xantı-Mantiyskdə keçirilib.
Rusiya Prezidenti Dmitri Medvedyevin dediyi kimi, 9 saat qurşağı arasında baş tutacaq səyahət avropalılara Rusiyanın qüdrətini hiss etmək imkanı verəcək, "Birinci Kanal"-ın saytı məlumat verib.
Avropa İttifaqının nümyəndə heyətinə Çexiya Prezidenti Vaslav Klaus (onun ölkəsi hazırda Aİ-nin sədridir), Avropa Komissiyasının rəhbəri Barrozu və Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə nümayəndəsi Havyer Solana başçılıq edirlər.
Bu gün Avropa İttifaqı nümayəndələrinin Rusiya Prezidenti Medvedyevlə qeyri-formal görüşü nəzərdə tutulub. "Birinci Kanal"-ın saytının məlumatına əsasən, rəsmi tədbirlər cümə günü keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]