...

Azərbaycanda itkin düşmüş şəxslərin müdafiəsi ilə bağlı qanunvericilik aktlarına dəyişiklik təklif olunur

Siyasət Materials 21 May 2009 15:31 (UTC +04:00)

Azərbaycan, Bаkı, 21 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda itkin düşmüş şəxslərin və onların ailələrinin haqlarının müdafiə edilməsi üçün qanunvericilik aktlarına yenidən baxıla bilər.

"İtkin düşmüş şəxslərin və onların ailələrinin haqlarının müdafiə edilməsi üçün milli hakimiyyət orqanları bu qanunun əhatə dairəsinin kifayət qədər geniş olmasını təmin etməlidir", - cümə axşamı Milli Məclisdə itkin düşmüş şəxslərin probleminin hüququ tənzimlənməsi ilə bağlı keçirilən dəyirmi masada Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin başçısı Ton Vandenhov bildirib.

Onun sözlərinə görə, BQXK Azərbaycan hökumətini itkin düşmüş şəxslər üzrə milli qanun qəbul etməyə dəvət edir və bu məsələ üzrə birgə çalışmağa hazırdır.

"İtkin düşmüş şəxsin xüsusi hüquqi statusunu tanımaqla milli qanunvericilik inamsızlıq içərisində olan və çətinliklərlə üzləşən itkin düşmüş şəxslərin və onların ailələrinin hüquqlarının təmin olunması ilə bağlı yaranan ehtiyaclara cavab verir", - Vandenhov vurğulayıb.

"İtkin düşmüş şəxslər və onların ailələri bir çox hüquqlardan istifadə edir və həmin şəxslərə münasibətdə Azərbaycan dövlətinin öhdəçiliyi var", - tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova əlavə edib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov da itkin düşmüş şəxslər və onların ailələri ilə bağlı qanunvericiliyə yenidən baxılmasının vacib olduğunu qeyd edib.

Trend -un arayışı: Azərbaycanda əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4499 nəfərdir. Onlardan 3615 nəfər hərbçi, 876 nəfər mülki şəxslərdir (8 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil).
Mülki şəxslərdən 52 nəfər uşaq (18 nəfər azyaşlı qız), 381 nəfər qoca (174 nəfər yaşlı qadın), 95 nəfər ortayaşlı qadın, 351 nəfər ortayaşlı kişidir.

Əsir, itkin düşmüş 4499 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb.

Əsir və girovluqdan 1390 nəfər azad edilmişdir. Onlardan 342 nəfər qadın, 1048 nəfər kişidir. Eyni zamanda 168 nəfər uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər qoca (112 nəfər yaşlı qadın), 165 nəfər ortayaşlı qadın, 779 nəfər ortayaşlı kişidir.

451 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 86 nəfər qadın, 365 nəfər kişidir. 124 nəfərin yalnız adı məlumdur, 69 nəfər isə naməlum şəxslərdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti