...

Ermənistanda yeni prezidentin hakimiyyətə gəlişindən sonra proses zərrə qədər də irəliləməyib – Azərbaycanın xarici işlər naziri (MÜSAHİBƏ)

Siyasət Materials 25 May 2009 14:14 (UTC +04:00)
Ermənistanda yeni prezidentin hakimiyyətə gəlişindən sonra proses zərrə qədər də irəliləməyib – Azərbaycanın xarici işlər naziri (MÜSAHİBƏ)

Suriya, Dəməşq, 25 may / Trend , xüsusi müxbir Ü.Sadıxova /  

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Trend -un müsahibəsi.

- Necə hesab edirsiniz, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramında iştirak ilə bağlı Azərbaycanın çətinlikləri ola bilərmi? MDB-nin icraçı katibi Sergey Lebedyev bu günlərdə MDB-nin üzvü olan və "Şərq tərəfdaşlığı" proqramında iştirak etmək istəyən ölkələrin hara getməli və necə hərəkət etməli olduqlarını seçməli olacaqlarına dair bəyanatla çıxış edib.

- Tamamilə heç bir problem görmürəm, ona görə ki, "Şərq tərəfdaşlığı" ilk növbədə Azərbaycan ilə Avropa İttifaqı və hətta bu qruma daxil olmayan Avropa ölkələri arasında əvvəllər toplanmış bütün qarşılıqlı münasibətlər üzrə təcrübənin rəsmiləşdirilməsidir. "Şərq tərəfdaşlığı" haqqında sazişin imzalanması Azərbaycan və Avropa İttifaqının ikitərəfli qarşılıqlı münasibətlərinin rəsmiləşdirilməsi deməkdir. Bununla belə, biz həmişə qeyd etmişik ki, Azərbaycan "Şərq tərəfdaşlığı" ilə yanaşı Avropa İttifaqına üzv dövlətlər ilə ikitərəfli səviyyədə qarşılıqlı münasibətləri genişləndirməyi davam etdirəcək. Bu konteksdə mənə elə gəlir ki, bizim Azərbaycan üçün olduqca maraqlı inkişaf perspektivi kimi baxdığımız "Şərq tərəfdaşlığı" milli maraqlarımıza cavab verir. 

- Sizin fikrinizcə, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçiriləcək növbəti görşündə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hansı addımları gözləmək olar? Siz bu görüşdə hansısa sənədin imzalanmasını gözləyirsinizmi?

- Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə hələ öz həllini tapmayan aktual məsələlərin müzakirəsi davam etdiriləcək. Mən Ermənistan tərəfindən konstruktivizm notlarını çox eşitmək istərdim, çünki regionda yeni vəziyyətin inkişaf etməsinə baxmayaraq, təəssüf ki, Ermənistan sülh prosesinin gedişatına mənfi təzyiq göstərməyə başlayıb.

Biz sülh prosesində Ermənistanın keçmiş administrasiyası ilə çox şey əldə etmişik, hazırkı ilə isə heç nəyə nail olmamışıq. Mən danışıqlar aparan insan kimi mövcud məsələlərdə heç olmasa hansısa irəliləyişlər əldə etməyimizlə lovğalana bilmərəm.

ABŞ, yeni administrasiyanın gəlişi ilə ATƏT-in Minsk Qrupu vasitəsilə birbaşa və digər ölkələr vasitəsilə regionda baş verən proseslərə bilavasitə təsir etməyə başlayıb. Vaşinqton regiondakı vəziyyətə bilavasitə təsir edən ölkə kimi bu münaqişənin nizamlanması prosesində tərəqqi əldə olunması üçün məsuliyyt daşıyır. Lakin Ermənistanda yeni prezidentin hakimiyyətə gəlməsindən sonra biz hətta bir zərrə qədər belə irəliləməmişik.

- Azərbaycan Praqada keçirilən enerji sammitində "Cənub dəhlizi" layihəsi üzrə bəyannamə imzalayan ölkələrdən biridir. Ölkə hazırkı layihəyə, xüsusilə "Nabukko" qaz kəmərinə hansı ümidlər bəsləyir? Bu layihənin reallaşdırılması şanslarını necə qiymətləndirirsiniz?

- Azərbaycan qazının Avropa regionuna ixracı üçün bir neçə layihə, bir neçə imkan var və bütün bu imkanlar açıqdır. Rusiya ilə münasibətlərin inkişaf etdirilməsi imkanı var. Bir çox digər variantlar məqsədəuyğunluq, stabillik və proqnozlaşdırıla bilmə baxımından diqqətlə hesablanmalıdır. Bu məslələr bizim diqqət mərkəzimizdədir və biz bu və ya digər layihələri nəzərdən keçirən zaman risklər, layihənin gəlirliliyi də daxil olmaqla hər bir elementi nəzərə alır, ciddi təhlil edirik.

Azərbaycan Praqada bizim üçün maraq kəsb edən "Cənub dəhlizi" layihəsi üzrə də bəyannamə imzalayıb. Çünki burada təkcə enerji deyil, həmçinin nəqliyyat tərkibi də var. "Cənub dəhlizi" layihəsinin inkişafı bizim milli maraqlarımıza cavab verir və daha çox çiçəklənən regionun yaranmasına imkan yaradacaq.

- Azərbaycan İslam ölkələrinə hansı yardımları planlaşdırır?

- Azərbaycan münaqişə zonalarında olan İslam ölkələrinə maddi və humanitar yardımı genişləndirəcək. Ölkəmiz bütün maliyyələşdirmə proqramlarında, xüsusilə də fələstinlilərə yardım proqramlarında iştirak edir.

Qəzzə Zolağının bərpası üzrə konfransda iştirakdan sonra, Azərbaycan Qəzzədə dağılan sosial obyektlərdən birinin bərpasını öz üzərinə götürüb. Hazırda biz Misirdəki səfirliyimiz vasitəsilə, Fələstin hökuməti ilə bu məsələ üzrə danışıqlar aparırıq, çünki Fələstin tərəfi bu obyektin konkret olaraq hansı obyekt olacağını müəyyən etməlidir.

Martda Misirin Şarm əş-Şeyx şəhərində baş tutan Qəzzə Zolağının bərpası üzrə konfransda İslam ölkələri, ABŞ və Avropa İttifaqı tərəfindən təqribən dörd mlrd. dollar vəsait yığıldı.

Azərbaycan həmçinin İraq ilə də maliyyə və humanitar yardımın göstərilməsi məsələlərində sıx əməkdaşlıq edir, baxmayaraq ki, artıq bu ölkədə vəziyyət stabilləşib və sülhməramlı kontingentin oradan çıxarması da bununla əlaqədar idi.

Heydər Əliyev Fondu tərəfindən əhalisi müharibə şəraitində yaşayan Pakistanda bir neçə məktəb tikilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti