Gürcüstan, Tbilisi, 27 may / Trend müxbir N.Kirtsxaliya/
Gürcüstan Milli Muzeyi və Fransanın Yon departamentinin Baş Şurasının təşəbbüsü ilə, mayın 30-da Siqnatidə "Pikasso Gürcüstanda" sərgisi baş tutacaq.
Milli Muzeydən verilən məlumata görə, Pablo Pikassonun işlərinin sərgisi üç ay ərzində Gürcüstanın üç şəhəri - Siqnati, Tbilisi və Batumidə keçiriləcək.
Sərgilər mayın 30-dan iyunun 23-nə qədər Siqnatidə, bundan sonra iyunun 28-nə qədər Tbilisinin Şalva Amiranaşvili adına incəsənət muzeyində, daha sonra isə avqustun 8-dən sentyabrın 6-na qədər Acarıstanın incəsənət muzeyində keçiriləcək.
Layihənin tərəfdaşları qismində Gürcüstanın Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyi, Fransanın Gürcüstandakı səfirliyi, Tbilisi meriyası, Aleksandr Düma adına fransız mədəniyyəti mərkəzi, Kaxetinin vilayət administrasiyası, Bank "Respublika", Acarıstanın Təhsil və Mədəniyyət Nazirliyi və bi sıra özəl şirkətlər çıxış edir.
Sərgidə rəssamın Yon departamentinin Vezele Zervos şəhərinin muzey kolleksiyasından olan 40 işi nümayiş etdiriləcək.
2008-ci ilin fevralında Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze və Fransanın Yon departamentinin Baş Şurasının prezidenti, senator Andre de Renkur Pikasso və Pirosmaninin mübadilə sərgilərini nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalayıblar.
2008-ci ilin payızında Zervosda Niko Pirosmaninin 17 rəsmi sərgiyə qoyulub.
2009-cu il Pikasso ili elan edilib və bütün muzeylərdə onun rəsmləri sərgiyə qoyulacaq.