...

Uyğurların etirazları sülh xarakteri daşıyıb – Ümumdünya Uyğur Konqresinin prezidenti Rabiyə Qadir (MÜSAHİBƏ)

Siyasət Materials 15 İyul 2009 12:17 (UTC +04:00)
Uyğurların etirazları sülh xarakteri daşıyıb – Ümumdünya Uyğur Konqresinin prezidenti Rabiyə Qadir (MÜSAHİBƏ)

ABŞ, Vaşinqton, 15 iyul / Trend , müxbir N.Boqdanova /

Trend -un uyğur lideri və Ümumdünya Uyğur Konqresinin prezidenti Rabiyə Qadir ilə müsahibəsi

- Hazırda beynəlxalq cəmiyyət Urumçidəki faciəvi hadisələri həyacanla izləyir. Siz uyğur xalqına türk dünyasından nə kimi kömək gözləyirsiniz?

- Bütün türk dünyası bizi hərtərəfli dəstəkləyir və bizə kömək etməyə hazır olduğunu bəyan edir. Türk dünyası həmişə bir olub və mən buna çox sevinirəm. Biz elə ilk günlərdən İraq türklərinin, Mərkəzi Asiya ölkələrinin və digərlərinin dəstəyini hissi etmişik və buna görə onlara minnətdarıq. Bu, xalqımızın çətin günləridir, uyğurlar həm mənəvi, həm də maddi yardıma ehtiyac duyur. Bizə kömək edən hər kəsə minnətdarıq. Hesab edirəm ki, təkcə xalqlar deyil, eyni zamanda türk dövlətləri, xüsusilə Mərkəzi Asiya ölkələri və Azərbaycan məsələmizin beynəlxalq siyasi səviyyədə qaldırılmasında bizə kömək etməli və Çindən bu aksiyaların dayandırılmasını tələb etməlidirlər. Bu ölkələr bizim dostlarımızdır və biz onlardan dəstək gözləyirik.

- Urumçidə yaşayan azərbaycanlılar haqqında məlumatınız varmı?
- Urumçidə kifayət qədər çox azərbaycanlı yaşayır. Onlar əsasən ticarət və bizneslə məşğul olan insanlardır. Regiondakı vəziyyət hazırda kifayət qədər çətindir, heç bir şey haqqında dəqiq məlumat yoxdur. Biz çox narahatıq və hər şeyin tezliklə həll ediləcəyinə ümid edirik.

- Rəsmi Türkiyənin uyğur məsələsinə yox, Qəzza sektoruna hücum məsələsində daha çox etirazlar səsləndirməsi haqqında fikirlər mövcuddur. Sizin fikrinizcə, Türkiyə bu məsələdə də böyük fəallıq göstərəcəkmi?

- Bizi həm türk xalqı, həm də bu ölkə hökuməti dəstəkləyib. Narahatlıqları barədə onlar ilk olaraq bəyan ediblər. Biz inanırıq ki, Türkiyə bundan sonra da hər bir dəstəyi göstərəcək və biz bu dəstəyi əhəmiyyətsiz hesab etmirik.  Qəzzadakı hadisələr ilə bizim vəziyyətimizi müqayisə etməyə ehtiyac yoxdur. Mən Baş nazir cənab Ərdoğana Türkiyəyə viza almaq üçün mənə icazə verdiyi üçün minnətdarlığımı bildirirəm. Əvvəlcə mənim bununla bağlı problemlərim vardı, lakin indi boş vaxt tapan kimi bu ölkəyə səfər edəcəm. Hazırda Vaşinqtonda vacib işlərim var, onları bitirdikdən dərhal sonra mən  mübarizə yoldaşlarımız , həmçinin Türkiyədə yaşayan uyğurlarla görüşmək istəyirəm. Türkiyə bizim böyük dostumuz və qardaşımızdır.

- Çin hökuməti uyğurları islam ekstremistləri ilə əlaqədə günahlandırır. Sizin bu məsələ ilə bağlı fikirlərinizi öyrənmək istərdik.

- Çində baş verənləri bütün dünya açıq-aşkar izlədi və hər kəs uyğurların islam və ya digər ekstremistlər ilə əlaqəsi olmadığını başa düşür. Xalqımızın etirazları sülh xarakteri daşıyıb. Onlara cavab olaraq isə çinlilər qanımızı axıtdılar və bundan sonra əsl ekstremistin kim olduğu aydın görünür. Bütün bu şaiələr sadəcə çinlilərin təxribatlarıdır.

Xəbər lenti

Xəbər lenti