...

Azərbaycan və İsrail geosiyasi baxımdan çox oxşardır – Knesset deputatı

Siyasət Materials 23 İyul 2009 10:39 (UTC +04:00)
Trend News-un Knesset deputatı, İsrail Parlamentinin başçısı Robert İlatov ilə müsahibəsi
Azərbaycan və İsrail geosiyasi baxımdan çox oxşardır – Knesset deputatı

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir Ü.Sadıxova /

Trend -un Knesset deputatı, İsrail Parlamentinin "Bizim ev İsrail" fraksiyasının başçısı Robert İlatov ilə müsahibəsi

- İsrail Prezidenti Şimon Peresin Azərbaycana tarixi səfəri iki ölkənin münasibətlərində yeni səhifə açıb. Sizcə, əməkdaşlığın hansı sahəsi Azərbaycan-İsrail münasibətlərinin gələcək inkişafı üçün daha perspektivlidir?

- Şübhəsiz ki, bu tarixi səfər idi. Biz Azərbaycan Prezidentinin yaxın zamanlarda İsrailə səfərinə ümid edirik. Bu həqiqətən də münasibətlərin inkişafına güclü təkan verir. İsrail Azərbaycanın müstəqillik qazanmasından etibarən bu ölkəyə çox səmimi yanaşır. Buna cavab olaraq biz eyni səmimi münasibətləri görürük. Lakin, şübhəsiz ki, yaxın zamanlarda iki dövlətin, iki parlamentin, iki prezidentin əməkdaşlığı daha yüksək ritmə köklənəcək. Dövlətlərimiz bir çox şeydə oxşardırlar. Demək olar ki, ölkələrimizn əhalisinin sayı parktiki olaraq eynidir. Düzdür, Azərbaycan ərazisinə görə İsraildən dörd dəfə böyükdür, lakin geosiyasi baxımdan biz çox oxşarıq. İsrailin fələstinlilərlə qarşıdurmaları, Azərbaycanın isə Ermənistan tərəfi ilə həll edilməmiş məsələləri var. Düşünürəm ki, dövlətlərimizin bütün maraqlı sahələrdə fikir mübadiləsi və bir-birinə yardım üçün bütün imkanları var.

- Siz Azərbaycan və İsrail arasında energetika sahəsində əməkdaşlığın sonrakı genişləndirilməsinə necə baxırsınız?

- İsraildə neftin hər üçüncü litri Azərbaycan neftidir. Qaza gəldikdə isə düşünürəm ki, ümumi sazişlər olacaq. Bu cür böyük həcmlərə baxmayaraq onların artırılması potensialı mövcuddur. İsrail digər tərəfə iqitisadiyyatın gücləndirilməsinə dair çox şey təklif edə bilər. Bizim Azərbaycanın təkcə neft sənayesini deyil, həmçinin digər sənayesini inkişaf etdirmək üçün xeyli sayda texnologiyamız var. Məlum olduğu kimi, əhalinin məşğulluğu iqtisadiyyatı inkişaf etdirir. Misal üçün, 60-ci illərdə İsrail Sinqapur iqtisadiyyatında islahatların aparılmasına yardım edib və siz indi bu ölkəyə baxın. Biz Azərbaycan iqtisadiyyatının inkişafına da kömək etməyə hazırıq.

- Son zamanlar çoxları Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlərin olduğunu qeyd edir. İsrail Ermənistan-Azərbaycan münaqişəsinin həllini nədə görür?

- Biz Azərbaycana bu münaqişənin sülh yolu ilə həll edilməsini təklif edirik, biz də fələstinlilərlə məsələni bu yolla həll etməyə çalışırıq. Buna baxmayaraq bu cəhdlər uğurla nəticələnməyib, düşünürəm ki, burada bu məsələ (Dağlıq Qarabağ münaqişəsi) o qədər də çətin deyil. Bu münaqişənin sülh yolu ilə həllində maraqlı olan dövlətlər, təşkilatlar var və mənə elə gəlir ki, bu, vəziyyətdən yeganə çıxış yoludur.

- Türkiyə Suriya-İsrail dolayı danışıqlarında bu ölkələrin danışıqlar masasına əyləşməkdən imtina etməsinə baxmayaraq vasitəçi qismində çıxış edib. Siz Türkiyənin Yaxın Şərqdəki rolunu necə qiymətləndirirsiniz?

- Türkiyə İsrailin strateji tərədaşıdır, bizim digər sahələrdə də strateji müqavilələrimiz var. Biz Türkiyə ilə münasibətlərə diqqətlə yanaşırıq. Suriya İranla sıx əməkdaşlıq edir, üç il bundan əvvəl İsrailə qarşı müharibəyə başlayan "Hizbullah"a xeyli sayda silah tədarük edir. Suriya öz ərazisində terroristləri saxlayır və təlimatlandırır. Buna görə də bu ölkə ilə danışıqlar yalnız suriyalıların terror qruplaşmalarını bizə qarşı qızışdırmadığı vaxt başlaya bilər.

Suriya hələ ki, terror təşkilatları və sürünən İslam terrorunun inkişafı üçün böyük ambisiyaları olan İranla əlaqələrdən imtina etməyəcək. Biz Suriyanın bizimlə danışıqlar masasına əyləşməsinə icazə verə bilmərik.

- Türkiyə İsrail və Suriya ilə strateji əməkdaşlıqdan sülh prosesinin irəliləməsində necə istifadə edə bilər?

- Türkiyə geosiyasi körpüdür və o, İsrailə gələcəkdə bir sıra İslam ölkələri, həmçinin Suriya ilə danışıqlarda kömək edə bilər. Türkiyənin sülh prosesində iştirak etmək üçün imkanları olacaq.

- Knessetdə "erməni soyqırımı" məsələsinin baxılması ilə əlaqədar vəziyyət necədir?

- İsrail Parlamentində hər bir deputat tamamilə azaddır. O, gündəlikdə hər bir məsələni qaldıra bilər. Hər bir kəsin öz baxışı var və İsrail Parlamenti hər kəsin fikrini nəzərə almalıdır. Lakin bu o demək deyil ki, hər qaldırılan məsələ qəbul olunmalıdır, yəni məsələ gündəlikdən çıxarıla bilər. Ermənilərə qarşı türklərin soyqırım həyata keçirməsini hesab edən deputatlarımız var, lakin bir neçə onillik ərzində İsrail bu məsələni gündəlikdən çıxarıb və mən hesab edirəm ki, bu deputatların yeni cəhdi həmişəki kimi başa çatacaq.

İsrailin bu məsələ üzrə dəqiq mövqeyi var. Bu problemi nəzərdən keçirməli olan beynəlxalq təşkilatlar var. Bu İsrailin və ya hər hansı bir parlamentin məsələsi deyil. Ermənilər bütün beynəlxalq təşkilatlara haqqlı olduqlarını nümayiş etdirmək istəyirlər. Hazırda onlar bunu etməyə qadir deyillər, bu və ya digər parlamentin bunu qəbul etməsi soyqırım faktını sübut etmir. Yəhudilərin xolokostla əlaqədar etdiyi kimi, onlar bütün beynəlxalq təşkilatlara faktlar təqdim etməlidirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti