Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir R.Hafizoğlu /
Türkiyənin Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Sedat Laçıner Ankaranın ölkədə mövcud olan kürd problemini tez bir zamanda həll edəcəyini bildirib.
"Ankara ölkədə mövcud olan kürd problemini tez bir zamanda həll edə biləcək ", - Laçıner çərşənbə günü Ankaradan Trend -a telefonla bildirib.
Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçirdiyi toplantıda Türkiyənin nə olursa olsun, ölkədə mövcud olan kürd problemini həll edəcəyini bildirib. Baş nazir bundan əvvəl bu problemin həlli üçün kürd mənşəli Demokratik Toplum Partiyasının (DTP) lideri Əhməd Türk ilə görüşüb. Baş nazir bu görüşün müsbət keçdiyini və yaxın zamanlarda ölkədə mövcud olan kürd probleminin həllininin tezləşəcəyini bildirib. DTP lideri Türk də bu görüşün iki tərəf arasında dialoqun yaranması üçün başlanğıc olduğunu bildirib. Türkiyə ana müxalifətinin lideri Dəniz Baykal isə bu görüşü "hakimiyyətin terroru dəstəkləyənlərlə görüşü" kimi dəyərləndirib.
Laçıner hesab edir ki, ölkədə kürdlərlə bağlı həm PKK problemi, həm də kürdlərin kompakt yaşadığı cənub şərq bölgəsinin iqtisadi cəhətdən geri qalması məsələsi var.
"Bütün bu problemlərin eyni anda həll etməyin çətin olmasına baxmayaraq, AKP-nin problemin həllinə yönəlik siyasəti gec-tez öz bəhrəsini verəcək", - deyə Laçıner qeyd edib.
Türkiyəli ekspertin fikrincə, ölkədə kürd probleminin olması bundan əvvəlki hakimiyyətlərin səhvidir və Türkiyə demokratikləşdikcə bu səhvləri düzəldəcək.
Onun fikrincə, Türkiyədəki kürd probleminin həlli PKK terror təşkilatının da zəifləməsi ilə nəticələnəcək.
"PKK Türkiyədəki kürdlərin bəzi problemlərindən istifadə edərək özünü kürdlərin müdafiəçisi kimi qələmə verir. Kürd probleminin həll olunması PKK terror təşkilatının fəaliyyətini zəiflədəcək", - o qeyd edib.
Laçınerin fikrincə, Türkiyə hakimiyyətinin kürdlərə yönəlik siyasəti nəticəsində PKK terror təşkilatının kürdlər arasındakı nüfuzu xeyli zəifləyib.
O hesab edir ki, Türkiyədə həm kürdlər, həm də türklər bu problemin həll olunmasına tərəfdardırlar və buna tam olaraq hazırdırlar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]