Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycanda Avropa Şurasının Gənclərlə İş üzrə Daimi Komitəsinin Yay Məktəbi keçiriləcək. Avqustun 25-dən 28-dək keçiriləcək tədbirdə Avropa Şurasının üzvü olan Almaniya, Belçika, Portuqaliya, Serbiya, Çexiya, Slovakiya, İsveç, İsveçrə, Yunanıstan, Gürcüstan, Ukrayna və digər ölkələrdən 35-ə yaxın nümayəndə iştirak edəcək.
"Yay Məktəbinin ilk günü Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti, son 10-15 il ərzində ölkədə bu istiqamətdə görülən tədbirlər haqqında qonaqlara məlumat veriləcək, Avropa Birliyinin 2020-ci ilə qədər gənclər siyasətinə dair strategiyasının təqdimatı keçiriləcək", - AŞ-nin Gənclərlə İş üzrə Daimi Komitəsinin Azərbaycan üzrə Proqram Komitəsinin rəhbəri, Gənclər və İdman Nazirliyinin Komitədəki nümayəndəsi Fərhad Hacıyev cümə günü Trend -a bildirib.
Həmçinin AŞ tərəfindən həyata keçirilən gənclər siyasəti barədə məlumat veriləcək. Azərbaycan 1997-ci ildən bu komitənin üzvüdür.
Onun sözlərinə görə, Azərbaycan Mədəniyyət üzrə Avropa Konvensiyasına qoşulduqdan sonra, nazirliyin bu komitə ilə əməkdaşlığı başlayıb.
Komitənin əsas məqsədi Avropa məkanında gənclərlə iş sahəsində siyasəti, ümumi xətti müəyyənləşdirmək, təcrübə mübadiləsi aparmaqdır.
Komitənin üzvləri AŞ üzv dövlətlərinin gənclər siyasəti ilə məşğul olan aidiyyatı qurumlarının nümayəndələridir.
Hacıyev bildirib ki, Avropa Şurasının gənclər təşkilatları ilə son üç ildə əməkdaşlıq sahəsində Azərbaycan birinci yerdədir.
"Bu onun göstəricisidir ki, Azərbaycanın gəncləri, gənclər təşkilatı vətəndaş cəmiyyətinin bir hissəsi olaraq inkişaf edir, beynəlxalq əlaqələri güclənir, nazirlik tərəfindən onlara lazimi dəstək göstərilir", - deyə Hacıyev vurğulayıb.
AŞ növbəti 10 ildə gənclər siyasətində əsas fəaliyyət istiqamətlərini - insan haqları, beynəlxalq mədəniyyət dialoqu, gənclərin sosial müdafiəsi istiqamətini müəyyənləşdirib.
Hacıyev bildirib ki, Azərbaycanın bu sahədə əsas proitet istiqaməti hərbi-vətənpərvərlik tərbiyəsinin təşkilidir.
Azərbaycanda gənclik yaşı 14-29 yaş həddi müəyyən edilib. Azərbaycan əhalisinin 2 milyon 600 min nəfərdən çoxunu (32 faiz) gənclər təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]