Türkmənistan, Aşqabad, 26 avqust / Trend , müxbir H.Həsənov /
İordaniya kralı II Abdulla və Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhəmmədov telefonla söhbət zamanı "BMT-nin 64-cü sessiyası çərçivəsində sentyabrda Nyu-Yorkda görüşəcəklərinə ümid etdiklərini bildiriblər".
Telefon söhbəti rəsmi Ammanın təşəbbüsü ilə baş tutub.
Mətbuat xidməti xəbər verir ki, Haşimi Krallığının başçısı həmçinin Türkmənistana rəsmi səfər dəvətini məmnuniyyətlə qəbul edib. Səfərin tarixi diplomatik kanallar ilə razılaşdırılacaq.
Rəhbərlər bütün müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayının başlaması münasibəti ilə də bir-birini təbrik ediblər. Həmçinin energetika, nəqliyyat, rabitə, kimya sənayesi, tikinti sahələrində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
İki dövlət başçısı yaxın zamanlarda baş tutacaq hökumətləarası komissiyanın ilk iclasının əhəmiyyətini qeyd ediblər. İyunda Berdımuhəmmədov Krallığın paytaxtı Ammana rəsmi səfər edib. Səfər çərçivəsində hər iki ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi üzrə "baxışlarının üst-üstə düşməsi" qeyd olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]