Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir S.Ağayeva /
Litva Respublikası Seyminin sədri Arunas Valinskas Bakıda parlament sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Litvanın qanunvericilik rəhbərinin səfəri dekabra nəzərdə tutulub. Bu barədə Trend -a Litvanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bu, Litva parlamenti sədrinin cavab səfəridir. Spiker Oqtay Əsədovun başçılığı ilə Azərbaycan Milli Məclisinin nümayəndə heyəti 14-16 mayda rəsmi səfərlə Litvada olub.
Bakıdakı danışıqlarda Valinskas siyasi-iqtisadi əməkdaşlığın gələcək inkişafı və Litvanın iri enerji layihələrinin həyata keçirilməsində maraq dairələrini müzakirə etmək niyyətindədir.
2009-cu ilin yanvar-may aylarında Azərbaycanla Litva arasında əmtəə dövriyyəsi 4,6 milyon dollar təşkil edib, Azərbaycan Dövlət Statistika Komitəsi bildirib.