Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycanın Ailə Məcəlləsinə ediləcək bir sıra dəyişiklərdə qızların nikah yaş həddinin 17-dən 18 yaşa qaldırılacağı nəzərdə tutulur.
"Ötən il 96 min nikahın 5 mini 18 yaşa qədər olub. Bu, bizi narahat edir. İnsanlar yetkin olmayan yaşda nikah quranda onun fəsadları çox olur", - Trend -un məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.
Millət vəkilinin sözlərinə görə, parlamentin payız sessiyasında "Mərasimlər haqqında" qanun layihəsi də gündəmdə olacaq. "Bu məsələ ətrafında uzun müddətdir gərgin müzakirələr gedir. Amma cəmiyyətdə bu məsələyə münasibət birmənalı deyil. Bir qrup insan isə toy və yas mərasimlərinin qanunla tənzimlənməsinin əleyhinə çıxırlar", - Rəcəbli deyib.
Rəcəblinin sözlərinə görə, Sosial siyasət komitəsi qərara gəlib ki, "Mərasimlər haqqında" qanun müzakirəyə təqdim olunmamışdan öncə "Lisenziyalar haqqında" qanuna dəyişikliklər edilsin. "Yəni Mədəniyyət və Turizm Nazirliyinə toy mərasimlərinin keçirildiyi şadlıq evlərini lisenziyalaşdırmaq hüququ verilsin. Biz şadlıq evlərində keçirilən toy mərasimlərindəki israfçılığın, ifratın qarşısını almağın yolunu ancaq bunda görürük. Otellərə lisenziya verilirsə, nə üçün şadlıq evləri üçün bu qayda tətbiq olunmamalıdır?", - komitə sədri bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]