Gürcüstan, Tbilisi, 07 sentyabr / Trend , müxbir N.Kirtsxaliya /
Türkiyə Gürcüstanın ərazi bütövlüyünü, onun suverenliyini və Avropa qurumunda səylərini dəstəkləyir, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə birgə brifinqdə ölkədə rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
Onun sözlərinə əsasən, Gürcüstan və Türkiyə arasındakı gözəl münasibətlər üç ikitərəfli prinsipə, həmçinin regional və beynəlxalq planda mövcud olan münasibətlərə əsaslanır.
"Gürcüstan və Türkiyə arasında həm ikitərəfli, həm də regional və dünya miqyasında nümunəvi əməkdaşlıq mövcuddur. Bizim gözəl münasibətlərimiz keçmişdən bəri davam edir, tarixi cəhətdən yanaşsaq Gürcüstan müstəqillik əldə etdiyi andan Ankara bu ölkənin Türkiyə üçün də vacib olan ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib", - türkiyəli nazir qeyd edib.
Davudoğlu bəyan edib ki, "əgər Gürcüstanda sülh və stabillik olmasa, o zaman bütün Qafqazda sülh və stabillik olmayacaq".
Nazirin sözlərinə əsasən, regionda sülhüm möhkəmləndirilməsi Gürcüstan, Azərbaycan və Türkiyənin iqtisadi layihələrinin həyata keçirilməsinə imkan verəcək. "Biz tərəfdaş ölkələrik və bu istiqamətdəki işlər daha da dərinləşəcək", - o qeyd edib.
Türkiyənin xarici işlər naziri bəyan edib ki, Türkiyə Gürcüstan-Abxaziya münaqişəsinin nizamlanmasında fəal iştirak edir və sözügedən istiqamətdə işləri davam etdirəcək. Onun sözlərinə əsasən, Türkiyə birmənalı olaraq Gürcüstanın ərazi bütövlüyünü qəbul edir və yalnız bu prinsip əsasında Gürcüstanın separatçı regionları ilə danışıqlar aparmaq niyyətindədir.
Davudoğlunun da qeyd etdiyi kimi, bu gün onun müavini Abxaziyaya səfər edəcək. Səfər zamanı Suxumi rejiminin rəhbərləri ilə danışıqlar aparılacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]