Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir Y.Ostapenko/
Xəzər regionunun enerji resursları regionda sülhün yaradılmasına kömək edtməlidir. Britaniyalı deputat Mayk Hankok belə hesab edir.
"Regionun enerji resursları müharibə üçün yox, sülh üçün silah olmalıdır və region ölkələrini sülhə gətirməlidir", - Avropa Şurasının Siyasi Məsələlər Komitəsinin üzvü Hankok cümə günü "Yeni geosiyasi reallıqlar prizmasından Xəzər regionunda təhlükəsizlik və stabillik" mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.
Konfransın sədri Terri Mariani (Tierri Mariani) Xəzər dənizi rayonunda təhlükəsizlikdən danışarkən Xəzər dənizinin statusu məsələsinin həllinin vacibliyini qeyd edib.
"Xəzərin statusu və onun resurslarının əldə edilməsi regionda strateji təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb edir", - Mariani hesab edir.
"Bizim məqsədimiz Avropayla Asiya arasında konstruktiv dialoq qurmaqdır, belə ki, Avrasiya regionu və Xəzər dənizi böyük rola malikdir", - Mariani cümə günü konfransı açarkən deyib.
"Xəzərin statusu hazırda milli dövlətlər səviyyəsində həll edilməlidir, lakin bütün iştirakçı tərəflərin ortaq maraqlarını tapmaq lazımdır", - o hesab edir.
Xəzərin dibinin bölünməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstanın bir-birinə qarşı heç bir tələbi yoxdur. Bu ölkələr arasında sözügedən məsələ üzrə həm ikitərəfli, həm də üçtərəfli müqavilələr var. Tərəflər həmçinin bölücü xəttlərin koordinatlarının müəyyənləşdirilməsi üzrə də yekdil fikrə gəliblər. Məsələ yalnız Türkmənistan və İran tərəfi ilə razılaşdırılmayıb. Buna görə də çoxillik müzakirələrə baxmayaraq, Xəzərin statusu indiyədək müəyyənləşdirilməyib.
"Böyük dövlətlərin - ABŞ, Avropa və Çinin maraqları Xəzər dənizində böyük neft-qaz ehtiyatlarına əsaslanıb", - Fransa Milli Assambleyasının deputatı, ATƏT Parlament Assambleyasının üzvü Mariani deyib.
"Xəzər regionu yaxın gələcəkdə NATO-nun əsas fokusu olacaq", - polşalı deputat Tadeuş İvinski (Tadeush Ivinski) hesab edir.
"Həm İran, həm Rusiya regionda sabitliyin əleyhinədirlər, belə ki, sabitlik regiondan Avropaya enerji marşrutlarını qaydaya sala bilərdi", - AŞPA-nın Xarici Əlaqələr üzrə Komitəsinin sədri İvinski deyib.