Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Rumıniya Deputatlar Palatasının sədri xanım Roberta Anastase ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Xanım Roberta Anastase deyib ki, ikitərəfli əməkdaşlığımız inkişaf edir, getdikcə genişlənən parlamentlərarası əlaqələr isə bu münasibətlərə töhfə verir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir.
Deputatlar Palatasının sədri Azərbaycan Prezidentinin Rumıniyaya rəsmi səfərinin əhəmiyyətini qeyd edib. O, Heydər Əliyev Fondunun Rumıniyadakı fəaliyyətini yüksək qiymətləndirib və bildirib ki, ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır.
Prezident İlham Əliyev deyib ki, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf edir. Parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan dövlətimizin başçısı bildirib ki, bu sahədə də əməkdaşlığımız tərəqqi edir və ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm hüquqi baza var. Dünən imzalanmış "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə" ikitərəfli əlaqələrimizin müxtəlif sahələrini əhatə edir və bu sənəd münasibətlərimizin inkişafına töhfə verəcək.
Heydər Əliyev Fondunun Rumıniyadakı fəaliyyətinə toxunan Prezident İlham Əliyev deyib ki, bu, əməkdaşlığımızın intensivliyinin göstəricisidir.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Rumıniyanın mövqeyini xüsusi vurğulayıb.
Azərbaycan Prezidenti ölkələrimizin iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığına toxunub, Rumıniyanın Avropaya inteqrasiya məsələlərində ölkəmizə verdiyi dəstəyi qeyd edib.
Əlaqələrimizin möhkəm siyasi əsasının olduğunu vurğulayan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu da ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafına təkan verir.