Fransa, Strasburq, 30 sentyabr / Trend , müxbir A.Məhərrəmli/
Gürcüstan tərəfi çərşənbə axşamı qəbul edilmiş qətnamədən çox razıdır. Bu fikirləri çərşənbə günü jurnalistlərə açıqlamasında Gürcüstan Parlamentinin birinci müavini və AŞ PA-da Gürcüstan nümayəndə heyətinin üzvü Mixail Maçavariani deyib.
"Çərşənbə axşamı keçirilən müzakirələrdə və qətnamə layihəsinə səsvermədə Avropa Şurası bir daha işğala yox dedi və qaçqınların öz yurd-yuvalarına qayıtmalarını təsdiq etdi. Rusiya tərəfinin AŞ PA-nın bəzi deputatları vasitəsilə təklif etdiyi 3 dəyişiklik qəbul edilmədi. Gürcüstan nümayəndə heyətinin təklif etdiyi dəyişikliklər və tövsiyələr nəzər alındı. Bu çox yaxşı bir qətnamədir və onun qəbulundan razıyam.Biz Abxaziya və Cənubi Osetiyanın alınması üçün addım-addım irəliləyəcəyik. Bu 20 il bundan əvvəl azad Avropanın getdiyi yoldur və Gürcüstan da bu yolla getməlidir. Biz bu yolla getməyə hazırıq. Əlbəttə, Rusiya buna imkan versə və 2008-ci ilin avqustunda həyata keçirə bilmədiyinə yenidən cəhd etməsə", - deyə Maçavariani bildirb.
Qeyd edək ki, AŞ PA-nın payız sessiyasının ikinci iş günündə Monitorinq Komitəsinin həmməruzəçiləri Lük van den Brande və Matyas Yörşinin "Gürcüstanla Rusiya arasında müharibə: bir il sonra" adlı hesabatı ilə bağlı müzakirələr aparılıb. Müzakirələrin sonunda məsələ ilə bağlı qətnamə layihəsi qəbul edilib.
Müzakirələrdə çıxış edən belçikalı deputat Lük van den Brande bildirib ki, hər iki tərəf AŞ PA-nın qətnamələrindən irəli gələn öhdəlikləri yerinə yetirməlidir. "Gürcüstan tərəfi öhdəliklərin əksəriyyətini yerinə yetirib. Rusiyanı da öhdəlikləri yerinə yetirməyə dəvət edirəm. Münaqişənin başlanmasında hər iki tərəf məsuliyyət daşıyır. Gürcüstan dialoq aparmadan silaha əl atıb, Rusiya isə buna qarşı qeyri-adekvat cavab verib", - belçikalı deputat deyib.
Ötən il avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun 26-da Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, sentyabrın 9-da isə qondarma respublikalarla diplomatik əlaqələr qurub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]