...

Avropa Şurasının yeni baş katibinin GUAM-a üzv dövlətlərin qurum yanındakı daimi nümayəndələri ilə görüşü keçirilib

Siyasət Materials 11 Noyabr 2009 16:22 (UTC +04:00)
Avropa Şurasının yeni seçilmiş baş katibi Torbyorn Yaqlandın GUAM-a üzv dövlətlərin qurum yanındakı daimi nümayəndələri ilə görüşü keçirilib. Bu barədə Trend News-a çərşənbə günü Azərbaycanın AŞ yanındakı Daimi Nümayəndəliyindən məlumat verilib.
Avropa Şurasının yeni baş katibinin GUAM-a üzv dövlətlərin qurum yanındakı daimi nümayəndələri ilə görüşü keçirilib

Fransa, Strasburq, 11 noyabr / Trend , müxbir A.Məhərrəmli/

Avropa Şurasının yeni seçilmiş baş katibi Torbyorn Yaqlandın GUAM-a üzv dövlətlərin qurum yanındakı daimi nümayəndələri ilə görüşü keçirilib. Bu barədə Trend -a çərşənbə günü Azərbaycanın AŞ yanındakı Daimi Nümayəndəliyindən məlumat verilib.

Görüşün keçirilməsi təşəbbüsü GUAM-a üzv dövlətlərin AŞ-dəki daimi nümayəndələri arasında bu yaxınlarda keçirilmiş ənənəvi görüşlərin birində təklif olunub.

Görüş zamanı yeni baş katibin səlahiyyət müddəti zamanı təşkilat qarşısında duran vəzifələr, AŞ-nin beynəlxalq aləmdə siyasi rolunun və nüfuzunun artırılması məqsədilə aparılacaq islahatlar, eləcə də GUAM ərazisində mövcud olan münaqişələr, Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan 14-cü Protokolun qüvvəyə minməsi ilə bağlı məsələ müzakirə olunub. Baş katib Protokolun ratifikasiya edilməsi ilə bağlı Rusiyada irəliləyişlərin olduğunu və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Bundan əlavə, baş katib AŞ Katibliyində ciddi struktur dəyişiklərinin aparılacağını qeyd edib.

GUAM-a üzv dövlətlərin daimi nümayəndələri baş katibə təşkilat qarşısında duran vəzifələrin və islahatların həyata keçirilməsində dəstək verməyə hazır olduqlarını bildiriblər.

Azərbaycan tərəfi isə görüşdə AŞ-nin GUAM ərazisində mövcud olan dondurulmuş münaqişələrin həllində daha fəal rol oynamasının vacibliyini vurğulayıb.

"Sözügedən görüş AŞ baş katibinin region və Azərbaycanda gedən proseslərlə yaxından tanış olması baxımından faydalı olub", - məlumatda bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti