...

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli danışıqlarında iştirak etməklə güzəştə gedirik - Azərbaycan Prezidenti İlham Əliyev

Siyasət Materials 21 Noyabr 2009 12:38 (UTC +04:00)
Biz indi xoş niyyət göstəririk. Biz danışıqlarda iştirak etməklə güzəşt edirik - 15 il ərzində və daha da çox. 15 il sadəcə olaraq müharibə dayanıb. Bu barədə noyabrın 20-də Goranboy rayonunun Veyisli kəndi yaxınlığında məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılış mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli danışıqlarında iştirak etməklə güzəştə gedirik - Azərbaycan Prezidenti İlham Əliyev

Biz indi xoş niyyət göstəririk. Biz danışıqlarda iştirak etməklə güzəşt edirik - 15 il ərzində və daha da çox. 15 il sadəcə olaraq müharibə dayanıb. Bu barədə noyabrın 20-də Goranboy rayonunun Veyisli kəndi yaxınlığında məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılış mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Bu yaxınlarda Bakıda məcburi köçkünlərlə görüşdə də demişəm ki, 1992-ci ildə Minsk qrupu yaradılıb. O da müsbət bir hal idi ki, beynəlxalq birlik bu məsələ ilə əlaqədar mövqeyini bildirdi, Minsk qrupu yaradıldı. Onun üçün ki, torpaqlarımız işğaldan azad edilsin. Bu məqsədlə yaradıldı. Ona görə yaradılmadı ki, əzəli torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövləti yaradılsın.
Ondan əvvəl və ondan sonrakı bütün qərarlarda Azərbaycanın mövqeyi, Azərbaycanın haqq işi öz təsdiqini tapmışdır. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Dünyada Təhlükəsizlik Şurasından üstün heç bir başqa qurum yoxdur. Budur, əgər onun qərarları icra olunmursa, deməli, ya Təhlükəsizlik Şurasının təsiri aşağı səviyyədədir, ya da ki, beynəlxalq hüquq normaları ümumiyyətlə işləmir. Belədirsə, onda hər kəs öz işini bilsin. Əgər beynəlxalq hüquq işləmirsə, biz də işimizi bilək", - Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısı bildirib ki, Azərbaycan heç bir qanun pozuntusu etməyib.

"Biz hər şeyi qanun çərçivəsində, beynəlxalq hüquq normaları çərçivəsində etməyə çalışırıq. Ondan sonra ATƏT-in zirvə görüşləri olmuşdur, qərarlar qəbul edilmişdir, icra olunmur. Biz nə etməliyik? Gözləməliyik? Nə vaxta qədər? Niyə Azərbaycanın vətəndaşları öz doğma torpaqlarına qayıda bilməsinlər? Niyə kəlbəcərlilər Kəlbəcərə qayıda bilməsinlər? Nədir ki, ermənilər bunu istəmir. Nə üçün? Onların nə ixtiyarı var? Ona görə bilirsiniz, bu məsələlər artıq öz həllini çoxdan tapmalı idi, çoxdan. Sadəcə biz istəyirik ki, bunu danışıqlar yolu ilə, sülh yolu ilə həll edək. Amma digər tərəfdən bu vəziyyətlə də barışmaq düzgün deyildir. Nə vaxta qədər barışmalıyıq? Ona görə biz hələ çalışırıq ki, bu məsələni sülh yolu ilə həll edək", - İlham Əliyev çıxışında deyib.

Azərbaycan Prezidenti yaxınlarda yenə Ermənistan Prezidenti ilə görüşü olacağını da bildirib.

"Bu görüşlər bəzən uğurlu olur. Bəzən Ermənistan tərəfi vaxt uzatmaqla məşğul olur. Son görüşlər deyə bilərəm ki, heç bir nəticə vermədi. Çünki Ermənistan tərəfi tamamilə qeyri-konstruktiv mövqe nümayiş etdirirdi. Bunun səbəbi nədir? Ola bilər ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi onları bir qədər ruhlandırdı. Onlarda yanlış fikir oyatdı ki, Türkiyə-Ermənistan sərhədi açılacaq, Qarabağ məsələsi isə kənara qoyulacaqdır. Ancaq gedən proseslər onu göstərir ki, bu, baş verməyəcəkdir. Həm Azərbaycanın qətiyyətli mövqeyi, həm Türkiyə ictimaiyyətinin qətiyyətli mövqeyi, həm Türkiyə rəhbərlərinin verdikləri bəyanatlar və bizə verdikləri sözlər - bütün bunlar göstərir ki, Türkiyə-Ermənistan münasibətləri Dağlıq Qarabağ məsələsi həll olunmadan həll edilə bilməz. Ona görə Ermənistan tərəfi bunu dərk etməlidir", - dövlət başçısı vurğulayıb.

İlham Əliyev qeyd edib ki, iqtisadi, siyasi, diplomatik uğurlarımız, hərbi potensialın gücləndirilməsi, Azərbaycanda ümumiyyətlə, vətəndaş birliyi, bütün bu amillər bizim mövqelərimizi gücləndirir.

"Düzdür, amma bizə nəticə lazımdır. Bizə lazımdır ki, onlar torpaqlarımızdan tezliklə öz xoşları ilə çıxsınlar. Onda sülh yaranar. Onda artıq heç kim deməyəcək ki, Azərbaycan niyə öz hərbi potensialını gücləndirir? Bəzən biz bəzi beynəlxalq dairələrdən eşidirik ki, Azərbaycan niyə silahlanır? Kimin nə işi var? Biz başqasının pulu ilə silahlanmırıq ki. Öz pulumuzla, öz imkanlarımız hesabına silahlanırıq. Bəs nə etməliyik? Bu məsələlər elədir ki, gərək biz ciddi fikirləşək və lazım olan addımları lazım olan vaxtda ataq.
Biz elə etməliyik ki, bu məsələ birdəfəlik və hərtərəfli həll olunsun. Çünki indi mən 6 ildir bu danışıqlar prosesində iştirak edirəm. Bu danışıqlar prosesində nədən başlamışıq və nəyə gəlmişik. İndi deyə bilərəm ki, Ermənistan tərəfinin razı olduğu ilk variant ondan ibarətdir ki, onlar qoşunlarını ancaq 4 rayondan çıxaracaqlar. O rayonlar ki, çayboyu, dəmir yolunun üstündə yerləşir. Ondan sonra qalan rayonlar da müəyyən olunmamış vaxtadək qalacaq onların təsiri altında, onların sərəncamında. Danışıqlar prosesində birinci mərhələrdə 5 rayon - ondan sonra 6-cı Kəlbəcər, sonra Laçın. Amma bu da hələ məsələnin tam həlli deyildir. Biz istəyirik ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağa, Şuşaya qayıtsınlar. Şuşa bizim tarixi şəhərimizdir. Əgər bu olmasa məsələ birdəfəlik həll oluna bilməz. Bir də elə etməliyik ki, əldə ediləcək razılaşmalar elə olsun ki, daha bundan sonra hansısa xoşagəlməz hadisənin başlanması üçün əsas olmasın. Əgər əldə olunacaq razılaşma bizi tam şəkildə qane etməsə, nə vaxtsa bu məsələ istər-istəməz yenidən qalxa, yenidən təhlükə yarana bilər. Mən Ermənistan tərəfinə həmişə deyirəm ki, siz elə edin ki, bu sazişdən biz razı olaq. Çünki biz razı olmasaq, bu gün də olmasa sabah, 10 ildən sonra bu məsələ yenə də qalxacaqdır. Kim harada yaşayıb orada da yaşasın. Biz öz torpağımızda yaşamışıq, o cümlədən Dağlıq Qarabağın ərazisində, Şuşada və başqa kəndlərdə. Biz oraya qayıtmalıyıq. Ermənilər, məsələn, Xankəndidə - baxmayaraq ki, oraya ancaq 19-cu əsrdə köçüblər - 100 ildən çox yaşayıblar, orada da yaşasınlar. Biz demirik ki, yaşamasınlar. Demirik ki, biz sizi buradan qovaq, etnik təmizləmə siyasəti aparaq, siz çıxın gedin. Demirik. Halbuki dünyanın gözü qarşısında bizə qarşı etnik təmizləmə aparılmışdır. Kim harada yaşayıb orada da yaşamalıdır, ora qayıtmalıdır və beləliklə, ondan sonra sülh yarana bilər. Başqa cür davamlı sülh ola bilməz. Ermənistan bu gün qorxu içində yaşayır. Onların bu qorxu içində yaşaması ona gətirib çıxarır ki, ölkə öz müstəqilliyini təmin edə bilmir. Çünki qorxur. Qorxanda kimdənsə nəsə yardım istəyəcək. Kim kimə müftə yardım verir? Heç kim. Yardım verir, amma əvəzində nəsə götürür", - dövlət başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti