...

Azərbaycanın XİN rəhbəri Afinada bir sıra ikitərəfli görüşlər keçirib

Siyasət Materials 2 Dekabr 2009 12:21 (UTC +04:00)
ATƏT-in Nazirlər Şurasının 17-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Afinada bir sıra ikitərəfli görüşlər keçirib.
Azərbaycanın XİN rəhbəri Afinada bir sıra ikitərəfli görüşlər keçirib

Azərbaycanç Bakı, 02 dekabr / Trend , müxbir M.Əliyev /

ATƏT-in Nazirlər Şurasının 17-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Afinada bir sıra ikitərəfli görüşlər keçirib.

Səfərin ilk günü nazir Elmar Məmmədyarov Latviyanın xarici işlər naziri Maris Reikstints ilə görüşüb, Trend -a XİN-in mətbuat mərkəzindən bildirilib.

Tərəflər ikitərəfli əlaqələrin cari səviyyəsini yüksək qiymətləndirib, siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin dərinləşdirilməsi üçün təmasların intensivləşməsinin vacibliyini qeyd ediblər. Nazirlər regional məsələlər üzrə fikir mübadiləsi aparıblar, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub.

Azərbaycan və İsrailin xarici işlər naziri Elmar Məmmədyarov və Aviqdor Liberman arasında ikitərəfli və regional əməkdaşlıq məsələləri, Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

Azərbaycanın XİN rəhbəri həmin gün həmçinin ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerlə görüşüb. Tərəflər münaqişənin nizamlanması ilə bağlı vəziyyət ətrafında müzakirə aparıblar. Məmmədyarov münaqişənin nizamlanması üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini bildirib.

Azərbaycan və Estoniya arasındakı əməkdaşlıq məsələsi həmin ölkənin XİN rəhbəri Urmas Paet ilə müzakirə olunub. Tərəflər Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində iki ölkənin əməkdaşlığının vacibliyini vurğulayıblar.

Azərbaycan-Türkiyə əməkdaşlığı da iki ölkənin XİN rəhbərləri tərəfindən müzakirə olunub. Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyini bildirərək, yalnız Azərbaycanın əraziləri işğaldan azad olunduqdan sonra Türkiyə və Ermənistan arasında imzalanmış protokolların ratifikasiyasının və müvafiq olaraq onların icra edilməsinin mümkünlüyünü bildirib. Davudoğlu azərbaycanlı həmkarını Türkiyəyə rəsmi səfərə dəvət edib.

Azərbaycanın XİN rəhbəri həmçinin, Slovakiyanın xarici işlər naziri Miroslav Lajcak ilə görüşüb. Tərəflər iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər. Məmmədyarov slovakiyalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib. Görüşdə həmçinin iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məsələsi müzakirə edilib.

Həmin gün Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Ermənistanın XİN rəhbəri Eduard Nalbandyan ilə birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi məqsədilə Rusiya və Fransanın xarici siyasət idarələrinin rəhbərləri və ABŞ dövlət katibinin müavini ilə görüşüb.

Azərbaycanın XİN rəhbəri Məmmədyarov həmçinin GUAM Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında iştirak edib.

Xəbər lenti

Xəbər lenti