Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir M.Əliyev/
Azərbaycanda bələdiyyə seçkilərinə səsverməyə start verilib.
Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.
Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.
Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.
MSK səsvermənin gedişi barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat verəcək.
"Bələdiyyə seçkilərinin prezident və parlament seçkilərindən fərqli olaraq özünəməxsusluğu var. Belə ki, burada 1700 müxtəlif bülleten və səslər hesablanır ki, bu da kifayət qədər çətin prosesdir. Buna görə də dairə seçki komissiyalarından informasiya qəbulu prezident və parlament seçkilərindən fərqli olaraq o dərəcədə də operativ olmaya bilər", - MSK sədri Məzahir Pənahov bir müddət əvvəl deyib.
"Azərbaycanda bələdiyyə seçkilərinə hazırlıq prosesi qanunvericiliyə uyğun keçib, əhali tərəfindən narazılıq qeydə alınmayıb", - Pənahov seçki öncəsi deyib.
"500 veb-kameradan 289-u Abşeron rayonu da daxil olmaqla, ölkənin 37 rayonunda, 189-u Bakıda, 25-i isə Naxçıvanda quraşdırılıb. İnternet vasitəsilədə seçki prosesini izləmək olar", - MSK sədri deyib.
Dairə seçki komissiyalarında seçki prosesinə müşahidə etmək üçün 48 388 müşahidəçi qeydə alınıb. MSK-da 1160 yerli və 52 xarici müşahidəçi qeydiyyatdan keçib.