...

Azərbaycan Parlamentinin deputatları 20 Yanvar faciəsinin günahkarlarının Haaqa tribunalına verilməsini zəruri sayır

Siyasət Materials 18 Yanvar 2010 14:11 (UTC +04:00)
"Gecikmiş addım olmasına baxmayaraq, 20 il öncə Bakıda törədilən qırğının səbəbkarlarının beynəlxalq məhkəməyə verilməsi zəruridir", - bazar ertəsi Trend News-a Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib.
Azərbaycan Parlamentinin deputatları 20 Yanvar faciəsinin günahkarlarının Haaqa tribunalına verilməsini zəruri sayır

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatları 20 Yanvar faciəsinin günahkarlarının Haaqa tribunalına verilməsini zəruri sayır.

"Gecikmiş addım olmasına baxmayaraq, 20 il öncə Bakıda törədilən qırğının səbəbkarlarının beynəlxalq məhkəməyə verilməsi zəruridir", - bazar ertəsi Trend -a Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa bildirib.

Trend - un arayışı: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı 132 insan öldürülüb, onlardan 117-si azərbaycanlıdır. 744 adam ağır xəsarət alıb, 4 nəfər itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra daha 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda (Neftçala, Lənkəran) 26 nəfər qətlə yetirilib.

Mustafanın sözlərinə görə, Azərbaycan Parlamenti artıq bununla bağlı xeyli iş görüb.

"Milli Məclisdə müvafiq qərarlar qəbul olunub, günahkarların adları da həmin sənədlərdə çəkilib. Bu hadisəyə artıq hüquqi qiymət verilməli, dövlət qurumları bütün zəruri addımları atmalıdır", - millət vəkili əlavə edib.

Onun fikrincə, Haaqa tribunalına müraciət zamanı parlamentdə qəbul olunan həmin qərarlara da istinad edilməlidir.

"Nəticənin necə olacağını düşünmədən 20 Yanvar faciəsinə hüquqi qiymət verilməsi üçün beynəlxalq məhkəməyə müraciət etmək lazımdır", - bazar ertəsi Trend -a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Onun sözlərinə görə, Sovet imperiyasının Azərbaycan millətinə qarşı törətdiyi faciəni dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bundan yaxşı vasitə yoxdur.

"Mən Qafqaz Müsəlmanları İdarəsi sədrinin bu təşəbbüsünü alqışlayıram. Hadisədən sonra bu qırğında iştirakçı və dolayısı ilə günahı olan adamlardan müsahibələr götürülmüşdü. Həmin müsahibələr və digər sənədlərdən də istifadə etməklə, çox ciddi bir müraciət hazırlamaq mümkündür", - partiya sədri əlavə edib.

Rüstəmxanlının fikrincə, o vaxt SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov və digərləri bu cinayətin törədilməsində iştirak ediblər.

"Qorbaçov yanvarın 15-də ordunun Bakıya yeridilməsi ilə bağlı sərəncam imzalamışdı. Bu cinayətdə əli olanların hamısı bizə məlumdur. Bütün sənədlər üzə çıxarılmalı və keçmiş SSRİ rəhbərliyinin cinayətlərini sübut edən danılmaz faktlar beynəlxalq məhkəməyə göndərilməlidir", - millət vəkili vurğulayıb.

"Mən 20 Yanvar faciəsinin günahkarlarının Haaqa tribunalına verilməsi təşəbbüsünü çox yüksək dəyərləndirir və dəstəkləyirəm", - bazar ertəsi Trend -a Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Ağamalının fikrincə, bu prosesin sürətləndirilməsi üçün müvafiq dövlət strukturları Qafqaz Müsəlmanları İdarəsi rəhbərinin bu təşəbbüsünə diqqətlə yanaşmalıdır. "Fikrimcə, məsələlər hüquqi baxımdan bir daha araşdırılmalı və konkret addımlar atılmalıdır", - partiya sədri xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti