...

Müsavat Partiyası müxalifətin vahid namizədlərinin müəyyənləşməsinə mane olur – Azərbaycanın partiya sədri

Siyasət Materials 21 Yanvar 2010 14:54 (UTC +04:00)
"Müxalifətin parlament seçkilərində vahid siyahı ilə iştirakı məsələsində əsas problemi Müsavat Partiyası yaradır, biz onlarla məsləhətləşmələri yekunlaşdırandan sonra qəti mövqeyimiz bilinəcək", - cümə axşamı Trend News-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.
Müsavat Partiyası müxalifətin vahid namizədlərinin müəyyənləşməsinə mane olur – Azərbaycanın partiya sədri

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalif Demokrat Partiyasının sədri iddia edir ki, Müsavat Partiyası vahid namizədlərin müəyyənləşməsinə mane olur.

"Müxalifətin parlament seçkilərində vahid siyahı ilə iştirakı məsələsində əsas problemi Müsavat Partiyası yaradır, biz onlarla məsləhətləşmələri yekunlaşdırandan sonra qəti mövqeyimiz bilinəcək", - cümə axşamı Trend -a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Cəlaloğlunun sözlərinə görə, müzakirələrdə parlament seçkiləri ərəfəsi ölkədəki siyasi vəziyyəti necə dəyişdirmək imkanları da əsas mövzulardan biridir.

"Müsavat rəhbərliyi isə bəyan edir ki, birləşmək təklif olunan partiyaların içərisində İran Rusiya xüsusi xidmət orqanlarına, eləcə də hakimiyyətə xidmət göstərənlər var. Halbuki ötən illərdə bu cür ittihamlar Müsavat Partiyası haqqında səsləndirilib. Bu, qeyri-ciddi yanaşmadır və şəxsi intriqalar birləşməyimizə imkan vermir", - partiya sədri əlavə edib.

Müsavatın parlament seçkilərində vahid siyahı ilə iştirakdan imtinası nəticəsində müxalifətin atacağı addımlara gəldikdə, o deyib ki, qabaqcadan proqnoz verərsə, bu yeni bir narazılığa səbəb olacaq.

"Mən bir-iki günə rəsmi müzakirələrə başlayacağam. Ona görə ümid edirəm ki, Müsavat Partiyası da təklifimizə müsbət reaksiya verəcək", - Cəlaloğlu vurğulayıb.

ADP sədri qeyd edib ki, "Azadlıq" blokunda və Demokratiya Uğrunda İttifaqda təmsil olunan partiyalar, eləcə də Ümid Partiyası irəli sürülən vahid siyahı ideyası ilə razıdırlar. "Bizim yeganə problemimiz Müsavatladır. Biz müzakirələrdə bu partiyanın müxalifətin parlament seçkilərində vahid namizədlə iştirakının hansı formasına razı olduğunu dəqiqləşdirməliyik", - Cəlaloğlu xatırladıb.

Sаğ təmаyüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. 2008-ci ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

"Biz əvvəlki səhvlərimizi təkrar etmək niyyətində olmadığımızdan parlament seçkilərində müxalifətin vahid siyahı ilə iştirakı məsələsi gündəmdə deyil", - cümə axşamı Trend -a Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər bildirib.

Onun sözlərinə görə, partiyanın rəhbərliyində də bu qərar artıq yekdilliklə qəbul olunur. "Gələcəkdə seçki kampaniyası dövründə, ondan sonrakı dövrdə siyasi qərarlarımıza mane olacaq, prosesləri başqa qüvvələrin diktəsi altında yönəldə biləcək partiyalara meydan vermək niyyətimiz yoxdur, onlarla hər hansı saziş imzalamağımız da müzakirə mövzusu deyil", - o əlavə edib.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda Respublika sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında İsa Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının başqanı seçilib.

Qəmbər Аzərbаycan Pаrlаmеntinin еks-spikеri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Pаrtiyа 4 nəfər deputatla parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti