...

Azərbaycanın bir qrup müxalifət partiyası parlament seçkilərində vahid namizədlərlə iştirak edə bilər

Siyasət Materials 3 Mart 2010 15:22 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasının rəhbəri parlament seçkilərində vahid namizədlərlə iştirak etməyin mümkün olacağını deyib.
Azərbaycanın bir qrup müxalifət partiyası parlament seçkilərində vahid namizədlərlə iştirak edə bilər

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının rəhbəri parlament seçkilərində vahid namizədlərlə iştirak etməyin mümkün olacağını deyib.

"Bizim təklifimizi dəstəkləyən partiyalar çoxdur və onlar vahid namizəd məsələsində razıdır", - çərşənbə günü Trend -a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Trend -un arayışı: Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu fevral ayının sonlarında parlament seçkilərində müxalifətin koalisiya şəklində iştirak etməsi ilə bağlı təkliflərini partiya rəhbərlərinə təqdim edib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Cəlaloğlunun sözlərinə görə, vahid namizəd məsələsində razılaşmayan partiyalar da var.

"Mən ad çəkmək istəmirəm, kimin hansı mövqedə olduğu və onların fikirlərinin arxasında hansı məqsədin dayandığı hamıya bəllidir", - partiya sədri əlavə edib.

Onun fikrincə, təkliflərini dəstəkləyən partiyalar parlament seçkilərində mütləq vahid namizədlə iştirak edəcək.

"Bir-iki partiya liderinin şıltaqlığını rəhbər götürüb, müxalifətin ümumiyyətlə inteqrasiyasından imtina etmək Azərbaycanda demokratiyanın məhvi demək olardı", - o xatırladıb.

ADP sədri deyib ki, müzakirələr bir neçə günə yekunlaşacaq və bundan sonra vahid namizədlərin müəyyənləşdirilməsinə başlayacaqlar.

Sаğtəmаyüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. 2008-ci ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti