...

Rumıniya paytaxtında Novruz bayramı qeyd olunub

Siyasət Materials 22 Mart 2010 14:43 (UTC +04:00)
Martın 21-də Azərbaycanın Rumıniyadakı səfirliyi və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə Buxarestdə Novruz bayramı - Beynəlxalq Novruz Günü təntənəli şəkildə qeyd olunub.
Rumıniya paytaxtında Novruz bayramı qeyd olunub

Azərbaycan, Bakı, 22 mart / Trend /

Martın 21-də Azərbaycanın Rumıniyadakı səfirliyi və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə Buxarestdə Novruz bayramı - Beynəlxalq Novruz Günü təntənəli şəkildə qeyd olunub.

Tədbiri giriş sözü ilə açan səfir Eldar Həsənov Novruz bayramının Azərbaycan xalqının adət və ənənələri arasında özünəməxsus yer tutduğunu, Novruzun xalqımızın bütün varlığını özündə cəmləşdirən bayram olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Səfir bu yaxınlarda BMT Baş Assambleyasında qəbul olunmuş "Beynəlxalq Novruz Günü" adlı qətnamənin Azərbaycan tərəfindən irəli sürülməsinin təsadüfi olmadığını və bu qətnamə ilə 21 mart gününün Beynəlxalq Novruz Günü olaraq elan edildiyini bildirib.

Həmçinin, Rumıniyanın Azərbaycan və Türkmənistandakı sabiq səfiri Tasin Cemil tədbir iştirakçılarına Novruz bayramı haqqında ətraflı məlumat verib.

Daha sonra tədbir iştirakçılarına Azərbaycan Dövlət Muğam Teatrının solisti Sədaqət Quluyeva və onu müşayiət edən musiqi qrupunun, həmçinin Rumıniyanın tanınmış musiqiçisi Marçel Pavelin iştirakı ilə bayram konserti təqdim olunub.

Tədbirdə Rumıniyanın Baş naziri Emil Bok, Parlament sədrinin birinci müavini İoan Oltean, Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota, digər yüksəksəviyyəli rəsmilər, senator və deputatlar, tanınmış din, mədəniyyət və incəsənət xadimləri, Buxarest şəhərində akkreditə olunan xarici ölkələrin səfirləri və diplomatları, İran azərbaycanlıları, türk və tatar toplumunun təmsilçiləri, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət Palatası, Rumıniyanın ictimai təşkilat və fondlarının üzvləri, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin əməkdaşları, Rumıniyada yaşayan həmvətənlərimiz, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, KİV nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti