Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan müxalifətinin əsas qüvvələrinin birgə blokda seçkilərə qatılması baş tutmadı.
"Kifayət qədər subyektiv amillər ucbatından müxalifətin əsas qüvvələrinin birgə seçkilərə qatılması, bir seçki blokunun yaradılması variantı baş tutmadı", - bunu cümə günü Trend-ə "Azadlıq" blokunun üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib.
Trend -un arayışı: Azərbaycan Demokrat Partiyası "Azadlıq" bloku və Ümid Partiyasının iştirakı ilə yeni seçki blokunun yaradılması təklifi ilə çıxış edib. ADP ilə "Azadlıq" bloku arasında bu məqsədlə keçirilən müzakirələr davam edilsə də, konkret nəticə bəyan edilmədi.
Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.
Əliyevin fikrincə, yaranmış vəziyyət onu deyir ki, daha kiçik tərkibli seçki bloklarının şahidi olacağıq.
"Ancaq çalışmalıyıq ki, reallıqlar daxilində aparacağımız mübarizəyə təminat verə biləcək əməkdaşlıq formullarının tapılmasını ərsəyə gətirə bilək. Bu da vacibdir, çünki narazı elektoratın səslərinin parçalanması ürəkaçan mənzərə yaratmayacaq. Onun üçün heç olmasa biz daha geniş sayda müxalifət seçki bloklarının müdafiə etdiyi ümumi siyahının ortaya qoyulmasına nail olmalıyıq", - Əliyev əlavə edib.
VİP sədri bildirib ki, seçki bloklarında ümumiləşdirilmiş şərait yaranmadısa, heç olmasa müxalifətin geniştərkibli formatda razılığa gələ bildiyi dairələr müəyyənləşdirilməli və daha çox şansı olan namizədlər müəyyənləşdirilib seçkilərə təqdim olunmalıdır.
"Azadlıq" blokunun yaradacağı seçki blokuna daxil olacaq partiyalara gəlincə, Əliyevin mövqeyi birmənalı olmayıb.
"Təəssüf olsun ki, biz hələlik digər partiyaların seçki blokunda təmsilçiliyi ilə bağlı məsələdə o qədər də irəli gedə bilməmişik. Amma bu aydındır ki, "Azadlıq" blokuna daxil olan partiyalar bu blokun yaradacağı seçki blokunda bir yerdə olacaqlar. Qısa müddət ərzində bloku yəqin ki, müəyyən edə biləcəyik", - VİP sədri bildirib.
"Azadlıq" blokunda VİP, Azərbaycan Xalq Cəbhəsi, Liberal partiyaları təmsil olunur.