...

Məskunlaşma fəaliyyəti dayandırılmadan İsrail ilə birbaşa olmayan danışıqlar başlamayacaq - Fələstin Muxtariyyətinin xarici işlər naziri (MÜSAHİBƏ)

Siyasət Materials 7 Aprel 2010 17:18 (UTC +04:00)
Trend-in Yaxın Şərq redaksiyasının Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad əl-Maliki ilə müsahibəsi
Məskunlaşma fəaliyyəti dayandırılmadan İsrail ilə birbaşa olmayan danışıqlar başlamayacaq - Fələstin Muxtariyyətinin xarici işlər naziri (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir Ü.Sadıxova/

Trend-in Yaxın Şərq redaksiyasının Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad əl-Maliki ilə müsahibəsi

- Azərbaycan Fələstin Muxtariyyəti siyasi və iqtisadi əməkdaşlığın əsasını qoyublar. Fələstinli biznesmenlər Azərbaycanda hansı sahələrdə daha çox maraqlıdırlar?

- Mən Azərbaycana tarixi səfər etdim, səfər zamanı Prezident ilə, həmkarım - xarici işlər naziri ilə və parlament deputatları ilə görüşdüm. Biz iqtisadi sahə də daxil olmaqla, bütün sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirmək barədə razılığa gəldik. İqtisadiyyat nazirləri görüş keçirməlidir və bundan sonra iqtisadi münasibətlərin inkişafı yollarını, əsasən birgə biznes mərkəzi və ya biznes assosiasiyasının yaradılması imkanlarını nəzərdən keçirmək mümkün olacaq. Azərbaycan və Fələstin biznesmenləri birgə layihələr və investisiyalar yolu ilə iqtisadi münasibətlərin inkişafı üçün belə şuranın tərkib hissəsi ola bilər. Bütün bunlar tamamilə baş tutandır və məsələ Fələstinin iqtisadiyyat nazirinin Bakıya səfərindən və birgə şuranın yaradılmasının nə dərəcədə real olmasından, birgə investisiyalar üçün hansı sahələrdə Azərbaycandan və Fələstindən biznesmenləri təşviq edəcəyimizdən asılı olacaq. Bu addım bizim siyasi münasibətlərimizin möhkəmlənməsinə də xidmət edərdi. Çünki bəzən siyasi münasibətlərin iqtisadi əməkdaşlıq və qarşılıqlı əlaqələr yolu ilə möhkəmləndirilməsinə ehtiyac yaranır. Mövcud atmosfer buna yaxşı şərait yaradır.

- Fələstin Muxtariyyəti və Azərbaycan arasında siyasi əməkdaşlığın perspektivləri necədir?

- Mən yenidən Bakıda keçirdiyim görüşlərə toxunmaq istərdim. Əvvəla, biz Bakıda Fələstin səfirliyi açmaq və bizim beynəlxalq arenadakı - BMT-də, Cenevrədə və digər təşkilatlardakı nümayəndələrimiz vasitəsilə əməkdaşlıq etmək barədə qərar qəbul etdik. Bu qurumlarda nümayəndələr görüşlər keçirməli və atılan addımlar, keçirilən görüşlər naminə mövqeləri koordinasiya etməlidir. Bu, həqiqətən siyasi əməkdaşlığı möhkəmləndirəcək və onun gələcək inkişafına xidmət edəcək. Bundan əlavə, əgər Azərbaycan Fələstində öz nümayəndəliyini açmaq qərarına gəlsə, bu da böyük rol oynayacaq. Ümidvaram ki, çox tezliklə biz siyasi münasibətlərin gələcək inkişafı üçün prezident və digər yüksəkvəzifəli şəxslərin səfərləri haqqında danışa biləcəyik.

- Mahmud Abbasın səfəri nə zaman planlaşdırılır?

- Mən öz prezidentimlə danışdım və o, bu səfərdə çox maraqlıdır. Biz münasib vaxt gözləyirik və hər bir tərəf üçün məqbul olacaq səfər tarixini Azərbaycan tərəfi ilə koordinasiya edirik. Prezident Mahmud Abbas iki ölkə arasında gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçirmək üçün bu səfərdə çox maraqlıdır. Hesab edirəm ki, bu, müxtəlif sahələrdə və sektorlarda əməkdaşlıq haqqında sənədin və ya çərçivə sazişinin imzalanmasına, hətta prezidentlər və xarici işlər nazirləri səviyyəsində birgə komitələrin yaradılmasına imkan verir. Hesab edirəm ki, bu, özü-özlüyündə hər iki rəhbərin ikitərəfli əlaqələrin genişləndirilməsi üçün zəruri addımlar atmaqla bağlı səylərini əks etdirir.

- Ermənistan-Azərbaycan münaqişəsində Fələstin Administrasiyanın mövqeyi necədir?

- Biz açıq şəkildə bildirmişik ki, ölkənin suverenliyi və ərazi bütövlüyü məsələsində Azərbaycan xalqı ilə həmrəyik. Fələstinlilər problemin ən yaxşı həlli yolu kimi siyasi dialoqu seçiblər və ümid edirik ki, Azərbaycan da Ermənistanla münaqişəni siyasi dialoq yolu ilə həll edə biləcək. Lakin əgər məsələ ərazi bütövlüyünə aiddirsə, bu zaman biz tamamilə Azərbaycan ilə həmrəyik.

- Azərbaycanın Qafqazda lider mövqeyini nəzərə alaraq regionun digər ölkələri üzrə Azərbaycanın siyasətini necə qiymətləndirirsiniz?

- Biz həmişə Azərbaycanı regionda heç olmasa siyasi səviyyədə mühüm oyunçu kimi görmək istəyimizi bildirmişik. Azərbaycan İsrail və Fələstin ilə yaxşı siyasi münasibətləri saxlayır ki, bu da ona İsrail-Fələstin münaqişəsində mühüm vasitəçilik rolu oynamağa imkan verir. Həm İsrail, həm də Fələstin Azərbaycanın liderliyini dəstəkləyir ki, bu da ona, əlbəttə Azərbaycan bunu istəyirsə, vasitəçi kimi iştirak etməyə imkan verir. Eyni zamanda, biz Bakıdakı səfirliyimizin regional mandata malik olacağı barədə qərar vermişik, bununla da biz Azərbaycan vasitəsilə regiondakı digər ölkələrlə münasibətləri müşahidə edə bilərik. Bu çox vacib göstəricidir.

Azərbaycan regionun münaqişəli ölkələri arasındakı münasibətləri yaxşılaşdırmağa yardımın - paytaxtda və digər şəhərlərdə konfranslar və seminarların keçirilməsi, yaxud ölkələr arasında mübahisəli məsələlərə dair razılıq üçün imkanların qiymətləndirilməsi üçün regional ekspertlərin toplanılması kimi üsullarını tapa bilər. Azərbaycan bu kimi iclasları keçirmək istəyi haqqında işarə verən kimi, əminəm ki, bütün ölkələr konkret məsələ üzrə region ölkələri ilə yaxınlıqda Azərbaycanın liderlik rolunu dəstəkləyəcək.

- Fələstin tərəfi, bəzi ərəb ölkələrinin sülh prosesini səmərəsiz sayaraq bu prosesdən imtina etməyə çağırmasına baxmayaraq, ərəb ölkələrinin İsrail ilə qəsəbələrin tikintisi dayandırılmadan birbaşa olmayan danışıqları başlamamaq qərarından razı qalıb. Ərəb ölkələrinin hazırkı mərhələdə sülh prosesinə töhfələrini necə qiymətləndirirsiniz və ərəb ölkələrindən qəsəbələrin inşasını dayandıracaq nə kimi addımlar gözləyirsiniz?

- Ərəb ölkələri 2002-ci ildə ərəb ərazilərinin - Fələstin, Suriyanın Cövlan yüksəklikləri və Livanın Şabaa kəndi - işğal olunmasının dayandırılması müqabilində İsrail ilə hərtərəfli sülhü nəzərdə tutan sülh təşəbbüsünü təqdim ediblər. 22 ərəb ölkəsinin İsrail ilə diplomatik münasibətlər qurmağa, səfirliklər açmağa və İsrail bayrağını öz paytaxtlarında qaldırmağa hazır olacağı fakt özlüyündə çox vacibdir, belə ki, məsələ təkcə İsraili tanımaqdan ibarət deyil, sadəcə onu Yaxın Şərqdə reallıq kimi qəbul etməkdən ibarətdir. Ərəb ölkələri müharibəni deyil, sülhü öz strategiyaları seçiblər.

Birbaşa olmayan danışqlar barədə məsələ qalxdığı zaman, ərəb ölkələri fələstinliləri dəstəklədilər, belə ki, onlar bu danışıqların müəyyən şərtlər qəbul olunmadan uğurlu olacağına şübhə edirlər. Ərəb ölkələri İsrailin qəsəbə fəaliyyətini dayandıracağını güman edərək dördaylıq birbaşa olmayan danışıqlara razı oldular və danışıqların tez bir zamanda bərpa olunması üçün beynəlxalq təzyiq göstərməyə hazırdırlar.

Bir məsələ aydındır ki, bu vaxta qədər İsrail ilə danışıqlarda heç bir şans olmayıb, İsrail hələ də Fələstinin işğal olunmuş ərazilərində fələstinlilərin hüquqlarını pozur. Beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Fələstin ərazilərində olan bütün İsrail yaşayış məntəqələri qeyri-qanuni hesab olunur, buna görə də İsraildən məskunlaşma fəaliyyətinin dondurulmasının tələb edilməsi yalnız Fələstinin deyil, eyni zamanda beynəlxalq tələbdir. Həmçinin, ABŞ Prezidenti Barak Obama da danışıqların bərpa edilməsi üçün İsrailin Fələstin ərazilərindəki məskunlaşma fəaliyyətinin dondurulmasını tələb edir. O cümlədən Aİ və Yaxın Şərq "dördlüyü" də bu cür tələblə çıxış edib. Buna görə də İsrail bu beynəlxalq kollektiv mövqenin tələblərini yerinə yetirməlidir. Lakin biz hesab edirik ki, əgər İsral işğalın nəticələrindən yaxa qurtarmaq istəyirsə, bu zaman Fələstin məsələsinə dair beynəlxalq mövqeni tanımalıdır. Ona görə ki, işğalın nəticələri hazırda İsrail ictimaiyyətində özünü biruzə verir və aqressiv əhval-ruhiyyəyə çevrilib. Söhbət İsrail əsgərlərinin işğal olunmuş ərazilərdə fələstinlilərlə necə rəftar etməsindən gedir və bu məsələni həll etmək lazımdır.

- İsrail bildirib ki, Fələstin Milli hökumətinin olmaması səbəbindən Fələstin-İsrail danışıqları səmərəsizdir. Sülh prosesinə nail olmaq üçün Fələstin Koalisiya hökumətinin yaradılmasına zərurət varmı?

- Mən Fələstin Milli hökumətinin formalaşdırılması ilə sülh danışıqlarındakı tərəqqi arasında heç bir əlaqə görmürəm. Əvvəl bizim Koalisiya hökumətimiz mövcud idi, lakin bu, İsrail ilə danışıqlara nail olmağa kömək etmədi. Buna görə də bu iki məsələnin bir-biri ilə əlaqəsi yoxdur. Ola bilsin ki, Fələstin Milli hökumətinin mövcud olması İsrail ilə danışıqlarda Fələstinin mövqeyini gücləndirə bilər, lakin bu o demək deyil ki, Fələstin Milli hökumətinin olmaması sülh prosesinə əngəl yaradır. Hesab edirəm ki, İsrail bu məsələdən "yol xəritəsi" üzrə qəbul edilmiş öhdəliklərindən boyun qaçırması üçün bəhanə kimi istifadə edir. İsrail ilə razılığa gələn zaman biz Fələstin ərazilərindəki reallığı nəzərə alaraq referendum keçirəcəyik. Bu İsrail ilə əldə edilmiş istənilən razılığa dair xalq dəstəyi almağımıza kömək edəcək.

- Son zamanlar Türkiyə Yaxın Şərq münaqişəsinin həllində öz üzərinə vasitəçilik götürüb və bunun sayəsində Ankaranın regionda rolu əhəmiyyətli dərəcədə artıb. Sizin fikrinizcə, regionda barışığa nail olmaqda Ankaranın atdığı addımlar nə dərəcədə səmərəli olacaq?

- Əgər Türkiyənin müdaxiləsindən danışırıqsa, bu zaman Türkiyə Fələstin ilə İsrail arasında deyil, Suriya ilə İsrail arasında vasitəçilik edib. Fələstin-İsrail danışıqlarında vasitəçi qismində Türkiyə deyil, ABŞ çıxış edir. Eyni zamanda, sizinlə raziyam ki, Türkiyənin regionda yalnız iqtisadi deyil, həmçinin siyasi səviyyədə rolu artıb. Türkiyə ərəb dövlətləri arasındakı məsələləri həll etməyə cəhd edib və mən hesab edirəm ki, ərəb ölkələrində Türkiyəyə hörmət və onun imkanları artıb ki, bu da fikrimcə, Türkiyəyə gələcəkdə mühüm rol oynamağa şans verir. Suriya-İsrail birbaşa olmayan danışıqlarında Türkiyə xüsusi olaraq vasitəçilik edib, HƏMAS və FƏTH arasında vasitəçilik etməyə cəhd edib, lakin bütün bunlara baxmayaraq əsas rol Misirə qalıb.

Xəbər lenti

Xəbər lenti