Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir E.Ostapenko/
Trend-in Çexiya Respublikasının Azərbaycandakı səfiri Radek Matula ilə səfirliyin rəsmi açılışı ərəfəsində eksklüziv müsahibəsi
Cexiya Respublikasının Azərbaycandakı Səfirliyi ötən ilin payızından fəaliyyət göstərir.
- Çexiyanın bizim ölkəmizdəki səfirliyi Azərbaycanla əməkdaşlığın hansı sahələrinə xüsusi diqqət yetirəcək?
- Çexiya Səfirliyi Azərbaycanı öz siyasi tərəfdaşı hesab edir. Biz Azərbaycanla münasibətləri yalnız siyasi və iqtisadi sahələrdə inkişaf etdirmək istəmirik. Biz digər sahələrdə - elm, mədəniyyət, təhsil, turizm və başqa sahələrdə də əməkdaşlıqda maraqlıyıq. Mən sahələrdən hansısa birini ayırmaq istəmirəm, çünki əminəm ki, ikitərəfli münasibətlər sistemində onların hamısının öz əhəmiyyəti var və bir sahədə əməkdaşlığın qurulması digər sahələrdə də əlaqələrin yaradılmasına yardım göstərir.
Çexiya hökuməti adamlar arasında əlaqələrin inkişafına yardım göstərməyə, maraqlanan çexləri Azərbaycan, azərbaycanlı tərəfdaşlar ilə əməkdaşlıq imkanları və şəraiti haqqında səhih məlumatla təmin etməyə çalışır. Digər tərəfdən, səfirlik azərbaycanlılara Çexiyanı qarşılıqlı faydalı tərəfdaş kimi təqdim etməyə çalışır.
- Necə düşünürsünüz, ölkələrimiz arasında münasibətlərin qurulması və siyasi dialoq üçün siyasi mühit əlverişlidir?
- Sözsüz ki, Azərbaycan - Çexiya münasibətlərinin gələcək inkişafı üçün siyasi mühit əlverişlidir. Bizim münasibətlərimizdə mübahisəli, problemli məsələ yoxdur. Son iki il ikitərəfli münasibətlər üçün əhəmiyyətli olub: biz yüksək və ali səviyyədə bir sıra mühüm ikitərəfli səfərləri və görüşləri təşkil edə bildik. Hər iki ölkədə səfirlik açılıb: 2007-ci ildə Azərbaycanın Praqada, 2009-cu ildə Çexiyanın Bakıda səfirliyi açılıb. Çexiya Səfirliyinin rəsmi açılışının Çexiyanın Baş nazirinin müavini, xarici işlər naziri Yan Koxoutun bu il mayın birinci yarısında Azərbaycana səfəri zamanı keçirilməsi planlaşdırılır.
Əminəm ki, Azərbaycan - Çexiya münasibətlərinin yaxşı gələcəyi var. Baxmarayaq ki, biz hələ qarşıda xeyli işlər görməliyik, əsas odur, bu işi görməyə qarşılıqlı maraq var.
- Ötəni ilin oktyabrında Azərbaycan və Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb, həmçinin, sadalanan sahələrdə əməkdaşlığın həyata keçirilməsi üçün qarışıq komissiyanın yaradılması planlaşdırılır. Bu saziş nə dərəcədə uğurla həyata keçirilir? Komissiya yaradılıb?
- Bəli, iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında hökumətlərarası müqavilə imzalanıb. Bu müqavilənin qüvvəyə minməsi üçün Çexiya və Azərbaycan tərəfindən dövlətdaxili bütün prosedurlar yerinə yetirilib. Odur ki, yaxın vaxtlarda qarışıq komissiyanın yaradılması üzrə konkret işə başlaya bilərik.
Komissiyanın iş qaydalarını müəyyən etmək lazımdır. Əminəm ki, qarışıq komissiyanın işi Çexiya və Azərbaycanın biznes dairələrindəki nümayəndələri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə, həmçinin, ticari-iqtisadi əməkdaşlığın inkişafına xidmət edəcək.
- Çexiya Azərbaycan iqtisadiyyatının hansı sahələrində daha fəal iştirak etməyi planlaşdırır? Çexiya azərbaycanlı biznesmenlərə investisiya qoyuluşu üçün hansı sahələri təklif edə bilər?
- Çexiya şirkətlərinin və sahibkarlarının azərbaycanlı tərəfdaşlarına təklif etmək istədikləri var. Avtomaşın, yük maşınları, inşaat texnikası, dəzgah, şüşə kimi ənənəvi mal ixracından əlavə, bir çox başqa şeylər də var. Biz alternativ və bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı məhsullarının emalı, o cümlədən müxtəlif zavodların, məsələn, konserv zavodlarının, qablaşdırma xətlərinin, pivə zavodlarının təchizatı sahəsində əməkdaşlıq imkanlarını görürük. Həmçinin, ətraf mühit sahəsində əməkdaşlıq ilə bağlı yaxşı perspektivlər var və bizim bu işdə yaxşı texnologiyamız və təcrübəmiz var. Bu, suyun təmizlənməsi, zibilin emalı, neft hasilatından sonra ərazilərin bərpasına aiddir.
Azərbaycanlı biznesmenlərin investisyalarına gəlincə, qeyd etmək istəyirəm ki, Çexiya həm kiçik və orta, həm də iri biznesin aparılması üçün ən cəlbedici Avropa ölkələrindən biridir. Bu, hər şeydən əvvəl stabil siyasi sistem, əhalinin müxtəlif mallara və xidmətlərə tələbatının yüksək səviyyədə olması, qlobal iqtisadi və maliyyə böhranının olmasına baxmayaraq, xarici turistlərin sayının çox olması, sahibkarlar və inkişaf etmiş kredit-bank sistemi üçün dövlət tərəfindən əlverişli şəraitin yaradılması ilə əlaqədardır.
Bəzi prioritet sektorlarda sahibkarlıq fəaliyyətinin inkişafına maraq var. Əsasən, söhbət avtomobil sənayesi, aviasiya və kosmik sənaye, maşınqayırma, elektrotexnika və elektronika, biotexnologiyalar, kimya və əczaçılıq sənayesi, İT və proqram təminatının hazırlanması, nanotexnologiyalar, bərpa olunan və alternativ enerji mənbələrindən gedir.
- Avropanın qaza olan artan tələbatını nəzərə alsaq, Çexiya Respublikası öz enerji təhlükəsizliyini və daxili bazarda yanacağa olan tələbatını necə təmin etməyi planlaşdırır?
- İlk öncə demək istəyirəm ki, Azərbaycan Çexiya üçün enerji təhlükəsizliyinin təmin edilməsi nöqteyi- nəzərindən çox vacib tərəfdaşdır. Bu onunla əlaqədardır ki, Çexiya sərf edilən neftin 25 faizini Azərbaycandan alır.
Əlbəttə, biz təbii qaz təchizatı sahəsində və enerji təhlükəsizliyimizin təmin olunmasında maraqlıyıq. Çexiya buna görə ilk öncədən "Nabucco" qaz kəməri layihəsini Avropa İttifaqının enerjidaşıyıcıları mənbələrinin və onların Avropaya nəqli yollarının diversifikasiyası üzrə böyük miqyaslı niyyətlərinin tərkib hissəsi kimi dəstəkləyir. Mən "Cənub dəhlizi"ni nəzərdə tuturam.
Çexiya Aİ-də sədrliyi ərzində "Cənub dəhlizi" layihəsinin daha real olması üçün hər şeyi etməyə çalışıb. Praqada 2009-cu ilin mayında Aİ-nın nümayəndələrinin iştirakı, qaz istehsalçıları olan ölkələr və tranzit ölkələrin iştirakı ilə Çexiya "Cənub dəhlizi sammitini" təşkil edib. Sammitin məqsədi "Cənub dəhlizi" çərçivəsində iqtisadi həyat qabiliyyətli əməkdaşlıq layihələri üçün siyasi dəstəyin təmin edilməsi və siyasi şəraitin yaradılmasıdır. Çexiya Azərbaycan Prezidenti İlham Əliyevin Paris sammitində fəal iştirakını yüksək qiymətləndirir.
- Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Çexiyanın rəsmi mövqeyi necədir?
- Çexiya Dağlıq Qarabağ münaqişəsi ətrafında hadisələrin inkişafını diqqətlə müşahidə edir. ATƏT-in Minsk qrupu çərçivəsində qəbul olunan prinsiplər və beynəlxalq hüquq normaları əsasında münaqişənin sülh yolu ilə həllini, hər iki ölkənin nümayəndələrinin sülh danışıqlarını problemin həllində yeganə mümkün və qəbul oluna bilən yol hesab edirik. Çexiya ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.
- Azərbaycan və Çexiya arasında mədəni əməkdaşlıq necə inkişaf edir? Bu sahədə səfirliyinizin hansı layihələri və planları var?
- Ölkələrimiz, mədəniyyət və incəsənət xadimləri arasında mədəni əlaqələr uzun sürən ənənəyə malikdir. Biz hesab edirik, iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə komissiyanın yaradılması mədəniyyət sahəsində konkret əməkdaşlığın dərinləşməsinə kömək edəcək, həmçinin, mədəni əməkdaşlıq Azərbaycan və Çexiya münasibətlərində vacib və əvəzolunmaz rol oynayacaq.
Mən artıq Çexiya və Azərbaycanın incəsənət və mədəniyyət xadimlərinin öz ölkələrinin mədəniyyət və incəsənətlərini nümayiş etdirmək üçün Bakıya və Praqaya səfər etməkdə maraqlı olduqlarını görürəm. Yaxın gələcəkdə bizim Bakıda azərbaycanlıları Çexiya kinematoqrafları ilə tanış etmək, rəsm sərgisi çərçivəsində Çexiyanın ən gözəl yerlərini göstərmək, Çexiya mətbəxi günlərinin təşkili və müasir çex teatrının təqdim edilməsi kimi bir neçə mədəniyyət tədbirlərini keçirmək imkanlarımız olacaq.
- Təhsil sahəsində əməkdaşlıq planlaşdırılırmı? Hansı layihələr mövcuddur və nə kimi layihələr planlaşdırılır?
- Təhsil sahəsində ikitərəfli əlaqələr, şübhəsiz, genişləndirəcək. İndi artıq Azərbaycan və Çexiyanın bir sıra universitetləri əməkdaşlıq imkanları haqqında danışıqlar aparır, qarşılıqlı fəaliyyət haqqında layihə protokollarının mübadiləsi həyata keçirilir. Səfirlik universitetlər arasında əlaqələrin qurulmasına kömək etməyə və konkret layihələri dəstəkləməyə hazırdır. Bu sahədə bizim əsas işimiz bundan ibarətdir.