Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanın ictimai birliyi Küveyt təşkilatı ilə əməkdaşlıq edəcək.
Azərbaycanın "İrəli" İctimai Birliyi ilə Küveyt dövlətinin aparıcı təşkilatı olan "LoYAC" arasında qarşılıqlı əməkdaşlığın qurulması və inkişafı məqsədilə niyyət protokolu imzalanıb.
"Protokolda gələcəkdə birgə layihələrin həyata keçirilməsinə böyük önəm verilir və bu sahədə qarşılıqlı tədbirlərin görülməsi nəzərdə tutulur", - şənbə günü Trend-ə birliyin mətbuat xidmətindən bildirilib.
Birliyin 13 nəfərdən ibarət nümayəndə heyəti aprelin 15-dən 22-dək Küveytə səfər edəcək. "Təşkilatlar öz çoxsaylı resurslarını nəzərə alaraq qarşılıqlı şəkildə bu imkanlardan yararlanmağı planlaşdırır. Tərəflər hər bir təşkilatın özünəməxsus təcrübəyə malik olduğunu nəzərə alaraq, öz aralarında informasiya və təcrübə mübadiləsi məqsədi ilə səfərlər həyata keçirmək niyyətində olduqlarını bildiriblər", - məlumatda vurğulanır.
"İrəli" İctimai Birliyi üzvlərinin səfəri zamanı Küveytin müxtəlif təşkilatları, dövlət qurumları və gənclərlə görüşlər nəzərdə tutulub.