Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir M.Əliyev/
Seçki komissiyalarının paritet əsasla müəyyən olunması müzakirələri arxada qalıb. Seçki institutlarının bu gün daha çox siyasiləşdirilməsi, siyasi partiyaların iradəsindən asılı vəziyyətə salınması deyil, dünya ölkələrində müstəqilləşməsi daha aktual görünür. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
"Ona görə də Azərbaycanda gələcəkdə hər hansı addım atılacaqsa, bu komissiyaların peşəkarlaşdırılmasına doğru atılacaq", - Həsənov deyib.
Trend-in arayışı: Azərbaycanın müxalifət partiyalarının əsas tələblərindən biri seçki komissiyalarının paritet əsasda formalaşdırılmasıdır. Müxalifət bununla bağlı Seçki Məcəlləsinə dəyişikliklərin edilməsini istəyir.
Azərbaycanda Parlament seçkisi noyabrın əvvəllərində keçiriləcək.
Sərbəst toplaşma azadlığının təmin olunması məsələsinə gəlincə, Həsənovun münasibəti birmənalı olub.
"Hələ seçkilərin keçirilməsi mərhələsinə başlanılmayıb. Mərkəzi Seçki Komissiyasının seçkilərin keçirilməsi ilə bağlı qərarı olandan sonra, Azərbaycan Seçki Məcəlləsinə müvafiq olaraq bütün namizədlərə, partiyalara, təşkilatlara bütün şərait yaradılacaq", - Həsənov deyib.
Onun sözlərinə görə, Azərbaycan Seçki Məcəlləsi dünya, Ayropa standartlarına cavab verir və ona dəyişiklik etmək zərurəti görünmür.
"Azərbaycan Seçki Məcəlləsi Avropa Şurası, ATƏT-in tövsiyəsi ilə hazırlanıb və qəbul olunub, bütün bu institutlar indiyə qədər bəyan ediblər ki, bu məcəllə ilə demokratik seçki keçirmək mümkündür", - Prezident Administrasiyasının şöbə müdiri əlavə edib.