Fransa, Strasburq, 26 aprel /Trend, müxbir. A.Məhərrəmli/
Azərbaycanda seçkiöncəsi vəziyyəti kifayət qədər musbət qiymətləndirirəm. Trend-in məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu qurumun yaz sessiyası çərçivəsində bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib.
"Azərbaycanda seçkiöncəsi siyasi ab-havanı kifayət qədər musbət qiymətləndirirəm. Azərbaycana səfərim zamanı arzuladığım kimi, demokratik, ədalətli və azad seçkilərlə bağlı bütün məsələləri qaldırdıq. Biz Azərbaycan hakimiyyətinin nümayəndələri ilə görüşlərimizdə şəffaf, azad və demokratik seçkilərin keçirilməsinə dair əsl istəyin olduğunu hiss etdik. Hakimiyyət dairələri növbəti parlament seçkilərinin bu şəraitdə keçməsi ilə bağlı zəruri tədbirlərin görüləcəyinə söz verdilər. Biz habelə siyasi məhbuslar, həbs olunmuş jurnalistlərlə bağlı məsələni də qaldırdıq. Bu məsələlərə dair müsbət cavablar gözləyirəm. Bunlarla bağlı Prezident İlham Əliyevlə söhbətim oldu", - deyə Çavuşoğlu bildirib.
AŞ PA sədri aprelin ortalarında Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycan rəsmiləri, siyasi partiyaların nümayəndələri ilə görüşüblər.
Azərbaycanda Parlament seçkisi noyabrın əvvəlində keçiriləcək.