...

Azərbaycanın XİN rəhbəri İtaliyanın iqtisadi inkişaf naziri müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 26 Aprel 2010 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti bazar ertəsi məlumat yayıb.

Azərbaycanda olmasından məmnunluğunu bildirən qonaq İtaliya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, siyasi və iqtisadi baxımdan stabil və sürətli inkişafın respublikanı etibarlı tərəfdaş və regionda əməkdaşlıq üçün nümunəvi ölkəyə çevirdiyini qeyd edib.

Həmçinin Urso İtaliya şirkətlərinin ölkəmizdə uğurlu layihələr həyata keçirdiyini və gələcəkdə də təmsil etdiyi ölkənin iqtisadiyyatın bütün sahələrində Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirib.

Öz növbəsində nazir Məmmədyarov bu marağın qarşılıqlı olduğunu bildirib, əlaqələrin daha da dərinləşməsi üçün konkret layihələrin həyata keçirilməsinin vacibliyi fikrini bölüşdüyünü qeyd edib.

Nazir Məmmədyarov iqtisadi əlaqələrin yalnız neft sahəsində deyil, həmçinin qeyri-neft - kənd təsərrüfatı, turizm, aqrobiznes və digər sektorlarda genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti