Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycan Parlamentinin spikeri hesab edir ki, Eynulla Fətullayevlə bağlı Avropa Məhkəməsinin çıxardığı qərarı siyasiləşdirməyə ehtiyac yoxdur.
"Azərbaycanın Ali Məhkəməsi, Apelyasiya Məhkəməsi var və bununla bağlı tam aydınlaşdırma aparandan sonra bu məsələyə cavab veriləcək", - Trend-in məlumatına görə, çərşənbə axşamı keçirilən iclasda Milli Məclisin sədri Oqtay Əsədov bildirib.
Onun sözlərinə görə, indiki halda bu məsələni siyasiləşdirmək lazım deyil.
"Adətən, beynəlxalq təşkilatlar Azərbaycan məhkəmələrinin siyasiləşdiyini iddia edirlər. Amma bizə bunu irad tutan Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarın özü siyasidir", - Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Onun fikrincə, Azərbaycanın Laçın rayonundan olan məçburi köçkünlər iki il yarım əvvəl Avropa Məhkəməsinə iddia veriblər.
"Ermənilər isə ötən il belə iddia ilə çıxış ediblər. Buna baxmayaraq, Avropa Məhkəməsi həm ermənilərin, həm də azərbaycanlıların iddiasına eyni vaxtda baxmaq haqda qərar verib. Bu ədalətsizlik deyilmi?" - Əsgərov əlavə edib.
Birinci vitse-spiker deyib ki, Avropa Məhkəməsinin heç bir qərarı məcburi ola bilməz.
"Biz Böyük Palataya şikayət vermişik. Burada baxılandan sonra, Azərbaycanın Ali Məhkəməsinə göndəriləcək və bu qurumun plenumunda müvafiq qərar çıxarılacaq", - millət vəkili vurğulayıb.
Avropa Məhkəməsi ötən həftə Fətullayevin dərhal azadlığa buraxılması barədə qərar çıxarıb.