Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanın hakim partiyasının sədr müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasında səfərdədir.
"Koreya Respublikasının Böyük Millət Partiyası "Hannara"nın dəvəti ilə səfərə gedən Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini və icra katibi Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin Baş naziri Cunq Un-Cunq ilə görüşüb", - çərşənbə günü Trend-ə hakim partiyanın mətbuat xidmətindən bildirilib.
Görüşdə ölkələrimiz arasında mövcud əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb; enerji, təbii ehtiyatlar, informasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. "Əhmədov Azərbaycanda əlverişli investisiya imkanlarına toxunaraq, bunun xarici, o cümlədən, Koreya Respublikasının biznes dairələri üçün də maraqlı olduğunu vurğulayıb. Bu ölkənin iş adamlarının Azərbaycanda xüsusi maraq və rəğbətlə qarşılandığını qeyd edib", - məlumatda vurğulanır.
Baş nazir dünyanı bürüyən maliyyə böhranı dövründə Azərbaycanda iqtisadi artımın müşahidə olunduğunu yüksək qiymətləndirib və bu istiqamətdə ölkəmizə yeni uğurlar arzulayıb. "Əhmədov Azərbaycanda iqtisadi sahədə yüksəlişin ölkə rəhbərliyinin və Azərbaycan xalqının əzmkarlığı hesabına əldə olunduğunu vurğulayıb. Görüşdə Baş nazir Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə maraqlanıb.
YAP sədrinin müavini münaqişə və onun həlli istiqamətində aparılan danışıqlar haqqında geniş məlumat verib və problemin uzanmasının yalnız iki tərəfin deyil, bütövlükdə bölgənin sosial-iqtisadi inkişafına, o cümlədən regional layihələrin həyata keçirilməsinə mane olduğunu bildirib", - məlumatda qeyd edilir.
YAP nümayəndə heyətinin səfər müddətində Böyük Millət Partiyası "Hannara"nın rəhbərliyi və bu ölkənin Milli Assambleyasının sədri, Koreya Prezidentinin siyasi məsələlər üzrə baş müşaviri ilə və digər yüksək səviyyəli görüşləri nəzərdə tutulur. Bundan başqa, səfər müddətində iqtidar partiyaları arasında qarşılıqlı anlaşma Memorandumunun imzalanması da planlaşdırılır.
YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 17 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.