...

İKT ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir - XİN rəhbəri

Siyasət Materials 18 May 2010 18:59 (UTC +04:00)
Azərbaycan İslam Konfransı Təşkilatının xarici işlər nazirlərinin 36-cı sessiyasından sonrakı müddətdə İKT-nin üzv dövlətləri ilə münasibət və əməkdaşlığını daha da möhkəmləndirib, İKT-nin Onillik Fəaliyyət Proqramının yerinə yetirilməsinə xüsusi diqqət yetirib.
İKT ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir - XİN rəhbəri

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycan İslam Konfransı Təşkilatının (İKT) xarici işlər nazirlərinin 36-cı sessiyasından sonrakı müddətdə İKT-nin üzv dövlətləri ilə münasibət və əməkdaşlığını daha da möhkəmləndirib, İKT-nin Onillik Fəaliyyət Proqramının yerinə yetirilməsinə xüsusi diqqət yetirib. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tacikistanın paytaxtı Düşənbədə keçirilən İslam Konfransı Təşkilatının XİN rəhbərlərinin 37-ci sessiyasında çıxışı zamanı deyib. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

Bu yaxınlarda İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun regional ofisinin Bakıda təntənəli açılışının keçirilməsini qeyd edən nazir əminliklə bildirib ki, bu forum gənc nəslin mənəvi dəyərlərinin möhkəmlənməsinə, müsəlman icması üçün mühüm əhəmiyyət kəsb edən mədəniyyətlər və sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verəcək.

"İyun ayında Azərbaycan İKT orqanlarının "İKT daxilində ticarətin inkişafına yardım üçün yol xəritəsi" və İslam İnkişaf Bankının sahibkarlar palatasının 35-ci iclaslarına ev sahibliyi edəcək", - Məmmədyarov sessiya iştirakçılarının diqqətinə çatdırıb.

Ermənistanın Azərbaycan qarşı təcavüzü barədə danışan nazir Məmmədyarov İKT-nin bu təcavüzün nəticələrinin aradan qaldırılmasında verdiyi mühüm dəstəyə görə İslam İcmasına və İKT-nin Baş Katibinə Azərbaycanın dərin təşəkkürünü çatdırıb.

Məmmədyarov nüvə zənginləşdirilməsi məsələsində Türkiyə, İran və Braziliya arasında əldə edilmiş razılığa dair səsləndirilmiş təbriklərə qoşulduğunu bildirib.

O, İKT ilə əlaqələrin geniş formada inkişaf etdirilməsinin ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu və strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Keçən il Azərbaycanın 2014-cü ildə İslam Konfransının 13-cü Sammitinin Bakıda keçirilməsini təklif etdiyini deyən Məmmədyarov müsəlman ölkələrini bu təklifi dəstəkləməyə çağırıb.

İKT-ın baş katibi Ekmələddin İhsanoğlu konfransı açaraq öz açılış nitqində təşkilatın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib və BMT Təhlükəsizlik Şurasının aidiyyatı üzrə qətnamələrinin tezliklə həyata keçirilməsinə çağırıb.

Xəbər lenti

Xəbər lenti