...

Azərbaycanın Hərbi Doktrinası ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə yönəlib - deputat

Siyasət Materials 11 İyun 2010 10:41 (UTC +04:00)
Azərbaycanın Hərbi Doktrinası ölkənin ərazi bütövlüyünün bərpasına yönəlib, - bu barədə Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
Azərbaycanın Hərbi Doktrinası ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə yönəlib - deputat

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Hərbi Doktrinası ölkənin ərazi bütövlüyünün bərpasına yönəlib, - bu barədə Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

"Doktrinaya əsasən, beynəlxalq müstəvidə biz iqtisadi və maliyyə böhranlarını, terrorizmi, mütəşəkkil cinayətkarlığı təhlükə sayırıq. Regional konteksdə isə ərazi bütövlüyünün ayrı-ayrı ölkələr tərəfindən tanınmaması, ərazi iddialarının saxlanılması, separatizmin ayrı-ayrı ölkələr tərəfindən himayə olunması, ərazilərimizin sərhədində hərbi bazaların yerləşməsinin yolverilməz olduğu bildirilir", - Zahid Oruc bildirib.

Azərbaycan Parlamentinin çərşənbə axşamı keçirilən növbədənkənar iclasında Hərbi Doktrina qəbul edilib.

Hərbi Doktrina layihəsi 75 bənddən ibarətdir, 7 əsas müddəanı özündə ehtiva edir. Regiondakı hərbi təhdidlər, hərbi təcavüz faktları, sürətlə silahlanma, Ermənistanın Azərbaycana təcavüzü, onun yaratdığı reallıqlar, Azərbaycan Silahlı Qüvvələrinin bununla bağlı qarşısında dayanan vəzifələr, eyni zamanda, hərbi quruculuğun gələcək strategiyası, beynəlxalq hərbi əməkdaşlıq, hərbi əlaqələr, Azərbaycanın ikitərəfli beynəlxalq hərbi müqavilələri və digər məsələlər sənəddə əksini tapıb.

Azərbaycan ərazilərində xarici hərbi bazaların yerləşdirilməsi ilə bağlı Hərbi Doktrina layihəsində istisnalar nəzərdə tutulur. Sənəddə qeyd olunur ki, lazımi şəraitlərdə Azərbaycan belə bir səlahiyyəti özündə saxlayır.

Layihədə Ermənistan təcavüzkar kimi göstərilib. Eyni zamanda, bu təcavüz nəticəsində regionda yaranmış vəziyyət, təhlükəsizliyə çox böyük risklər öz əksini tapıb. Azərbaycanın regionda hansı məsələləri özünə təhdid sayması da layihədə göstərilib. Bundan başqa, maliyyə və iqtisadi böhranlar, enerji resursları uğrunda aparılan zorakı mübarizələr, separatizmin stimullaşdırılması və digər məsələlər Hərbi Doktrina layihəsində yer alıb.

Zahid Orucun sözlərinə görə, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır və doktrina birinci olaraq silahlı qüvvələr qarşısına vəzifə qoymalıdır ki, ərazi bütövlüyümüz təmin edilsin.

"Azərbaycan vətəndaşının bütöv bir ölkədə yaşamaq hüququ var. Bu hüququ Azərbaycana BMT-nin və digər beynəlxalq təşkilatların sənədləri də verir", - MM-in Təhlükəsizlik və müdafiə komitəsinin üzvü bildirib.

Zahid Oruc Ermənistanın Hərbi Doktrinasında "Sumqayıt qırğınları", Qarabağın təhlükəsizliyinə təminatdan bəhs olunduğunu qeyd edərək bildirib ki, bizim Hərbi Doktrina da ərazilər üzərində işğal siyasətini göstərməlidir.

Zahid Orucun sözlərinə görə, bizim Hərbi Doktrinada hərbi, siyasi risklərin dəqiq təsnifatı verilib.

Xəbər lenti

Xəbər lenti