Azərbaycan, Şirvan, 22 iyun /Trend, müxbir A.Salmanov/
Azərbaycanda təbii fəlakət zonasının əhalisi üçün tikintinin əraziləri müəyyən olunub. Bu barədə çərşənbə axşamı jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.
"İclasda infrastrukturun və inzibati binaların, o cümlədən xəstəxana, polis idarələri və digər qurumların tikintisi ilə bağlı qərar qəbul olunub", - Heydərov bildirib.
Təbii fəlakətdən ziyan çəkmiş hər ailəyə 12 sot torpağın ayrılması planlaşdırılıb.
Kür çayının məcrasından çıxması nəticəsində yaranan fəlakət zonasında hökumət komissiyasının iclası keçirilib. Komissiya iclası Azərbaycanın Sabirabad rayonunda keçirib.
İclasda Azərbaycanın Baş nazirinin birinci müavini Abid Şərifov, daxili işlər naziri Ramil Usubov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbəri Əhməd Əhmədzadə və digər şəxslər iştirak ediblər.